17 oktyabr 2025 12:46
123

Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub FOTO

Oktyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib.

“İki sahil”in media-turda iştirak edən əməkdaşı xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

Mediatur çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olublar. 

Jurnalistlərə məlumat verən turizm eksperti Natiq Paşayev bildirib ki, əsas məqsədi regionun turizm imkanlarının, xüsusilə də ekoturizm potensialının tanıdılması və bu sahədən gələcəkdə daha səmərəli istifadə olunmasıdır: "Mediatur iştirakçıları hazırda ekoturizm baxımından zəngin olan Şahbuz rayonunun Ağbulaq kəndindədirlər. Burada turizm üçün zəruri infrastruktur yaradılıb, təbiətin qorunması və ekoloji balansın saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür. Həm Ağbulaq, həm də Batabat bölgələri Naxçıvan Muxtar Respublikasının turizm xəritəsində mühüm yer tutur və bu ərazilərin ekoturizm istiqamətində inkişafı regionun ümumi turizm strategiyasına mühüm töhfə verir."

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planının icrasının təmin edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı etdirilməsi il bağlı 2025-2027-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb. 

Bu fəaliyyət planına uyğun olaraq, Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişafı, muxtar respublikada turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən müxtəlif turizm növlərinin (qış, kənd, eko və.s) inkişaf etdirilməsi, Naxçıvana xarici turoperatorların, xarici və yerli media nümayəndələrinin səfərlərinin təşkil edilməsi, turizm və rekreasiya zonalarının yaradılması, bölgənin turizm potensialının beynəlxalq auditoriyada tanıdılması və digər tədbirlər üzrə fəaliyyət davam etdirilir.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə bildirib ki, ümumilikdə, Azərbaycan üzrə səkkiz kənddə turizm istiqamətində işlər nəzərdə tutulub və bu prosesin davam etdirilməsi planlaşdırılır: "Əsas məqsədlərimizdən biri ölkənin sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində Naxçıvanın geniş turizm imkanlarını və resurslarını daha da inkişaf etdirmək, turizm xidmətlərinin çeşidini artırmaq və regionun potensialını gücləndirməkdir. Naxçıvanda da turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var mövcuddur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb. Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır."

Naxçıvana səfər çərçivəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət olunub.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Orxan Vahidoğlu, "İki sahil"