17 oktyabr 2025 11:54
217

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvana media-tur təşkil olunub - VİDEO/FOTO

Oktyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib.

“İki sahil”in media-turda iştirak edən əməkdaşı xəbər verir ki, jurnalistlər Muxtar Respublikanın Şahbuz rayonunda yerləşən "Ağbulaq" İstirahət Mərkəzində olublar. 

Məlumat verilib ki, dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 59 oturacaq quraşdırılıb.

Qeyd edək ki, “Ağbulaq” İstirahət Mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və üzv təşkilatların ölkəmizin səfalı guşələrində yerləşən istirahət mərkəzləri və sanatoriya-kurort müəssisələrindən biridir.

“Ağbulaq” istirahət mərkəzində həm qış aylarında, həm də yay mövsümündə mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Orxan Vahidoğlu, "İki sahil"