Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın həm türkdilli xalqların dövlətləri ilə, həm də digər dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri genişlənirdi. Bu proses həm inama əsaslanırdı, həm ehtirama, həm də tarixi zərurətə. Belə münasibətlər Azərbaycanla Qazaxıstan arasında da yaranmışdı, böyük sədaqətlə davam etdirilirdi və formalaşırdı. Son illərdə bu münasibətlər daha da möhkəmlənib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri də bu münasibətlərin genişlənməsinin təzahürü oldu. Səfər zamanı dövlət başçımız mətbuata bəyanat verdi, Azərbaycan- Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın dinamik inkişafından, modernləşdirilmədən, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlardan, xalqlarımızın ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluğun, qardaşlığın birləşdirdiyindən, Azərbaycanla Ermənistan arasında sülh yaranmasından, ... söz açaraq dedi: “Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır”.
Son illərdə beynəlxalq tədbirlərdə müzakirə olunan bu və ya digər məsələ ilə bağlı dövlətlərin siyasi münasibəti əhəmiyyətli olur. Hər dövlət qarşılıqlı münasibətləri olan, siyasi, iqtisadi, mədəni əlaqələrə malik olduğu dövlətin mövqeyini dəstəkləyir. Bu baxımdan Azərbaycanla Qazaxıstanın münasibətləri də xarakterikdir. Bu rəsmi səfərində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışında dövlət başçımız dedi ki, “Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir. Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir”.
Azərbaycan Ordusu İkinci Qarabağ müahribəsində Ermənistanı məğlub etdi, işğalı sonlandırdı, ərazi bütövlüyünü tam bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri başladı. Bu dünyəvi quruculuq işlərində Azərbaycana dost, qardaş dövlətlər də iştirak edir. Qazaxıstan da bu prosesə öz qardaşlıq töhfəsini verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu haqda da fikir səsləndirdi: “Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”.
Zəngəzur dəhlizi layihəsinin böyük potensiala malik olduğunu, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini, həm paytaxtlarda, həm də bütün regionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəni qarşılıqlı fəaliyyətin yol xəritəsinin hazırlanacağının nəzərdə tutulduğunu, …da diqqqətə çatdırdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi səfəri, mətbuata bəyanatı, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı bu günün tarixi olsa da sabahların siyasi, iqtisadi, mədəni əlaqələrinin istiqamətləri haqqında bilgi kimi tarixləşdi...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı