24 oktyabr 2025 11:02
107

Ülvi Mehdiyev: Süni intellekt və "yaşıl keçid" yeni iş anlayışının strukturunu dəyişəcək

Süni intellektli texnologiyaların və "yaşıl keçid" transformasiyasının nəticəsində yaranacaq iş yerləri iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, süni intellekt idarəetmədə və digər sahələrdə vasitədir: "Yəni o, məqsəd deyil. Məqsəd isə süni intellekt kimi texnologiyaları istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə vətəndaşların rifahına və inkişafına nail olmaqdır. Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri də bu sahədə ciddi araşdırmalar aparırlar və çox ciddi hesabatlar hazırlayırlar. Məsələn, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində araşdırma hesabatında qeyd olunub ki, süni intellektli texnologiyaların və "yaşıl keçid" transformasiyasının nəticəsində dünyada 90 milyondan çox iş yeri bağlanacaq, amma onun əvəzində 170 milyona yaxın yeni iş yerləri formalaşdırılacaq".

O əlavə edib ki, yeni iş yerləri ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək: "Çünki ləğv olunan iş yerlərdən münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq şirkətlər, təşkilatlar, istərsə də dövlətlər vətəndaşlarını hazırlamaq üçün ciddi tədbirlər həyata keçirirlər. Azərbaycan da bu istiqamətdə geridə qalmır".