ABŞ-ın Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor və ABŞ Dövlət katibinin müavini Kristofer Landaunun gələn həftə Qazaxıstana səfəri planlaşdırılır.
“İki sahil” Zakon.kz-a istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı tərəflər ikitərəfli və regional gündəmdə olan geniş məsələləri, o cümlədən Qazaxıstan-Amerika siyasi dialoqunun gücləndirilməsi və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər. Xüsusi diqqət regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, eləcə də C5+1 (ABŞ-Mərkəzi Asiya ölkələri) formatında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə yönəldiləcək.
"Bu səfər Qazaxıstan və ABŞ arasında Orta Asiya regionunun davamlı inkişafının təmin edilməsində qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın sabit xarakterinin daha bir sübutu olacaq", - deyə nazirliyin məlumatında bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”