01 noyabr 2025 21:21
122

“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm

Bu mənim Qarabağa üçüncü səfərim olacaq. İlk dəfə 2024-cü ildə Zəfər Qurultayında iştirak etmişəm. İkinci Qarabağ müharibəsindən sonra orada baş verən prosesləri həm mətbuat vasitəsilə izləyirdik, həm də birbaşa gedib görmək imkanımız oldu. Azərbaycan bu sahədə çox gözəl işlər görür. O, bölgədə ermənilərin törətdiyi dağıntıları bütün dünya ictimaiyyətinə canlı şəkildə göstərdi, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərini də təqdim etdi.

“İki sahil” xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, bu gün Türkiyədən media nümayəndələri olaraq gedib həmin yerləri bir daha müşahidə edəcəklər. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu bu istiqamətdə bir layihə həyata keçirib və bölgə jurnalistləri üçün mərhələli şəkildə səfərlər təşkil edir. Məqsəd Qarabağda həyata keçirilən işlərlə türk mediasını əyani tanış etməkdir.

Baş redaktor bildirib ki, o ilk dəfə Şuşaya gedəndə müharibə yeni bitmişdi. O vaxtlar hələ ərazilərin çoxu minalanmış vəziyyətdə idi, ona görə də çox gəzmək imkanı olmayıb: “Biz Cıdır düzünə getdik, qəhrəman əsgərlərimizin Cıdır düzünə qalxdığı yerləri gördük. Həmin vaxt orada çoxlu planlar hazırlanır, tikinti işləri yeni başlanırdı. Lakin ötən il yenidən getdiyimdə artıq magistral yollar, tunellər və digər infrastrukturlar həyata keçirilmişdi. Bütün şəhərlər yenidən qurulur. Dünyadakı qlobal problemlərə baxmayaraq, Qarabağda çox genişmiqyaslı işlər görülür, möhtəşəm bir bərpa prosesi gedir”.

“Qarabağ artıq elə bir gözəl hala gətirilib ki, onu sözlə təsvir etmək çətindir — desən istirahət məkanıdır, doğrudur, dağ desən, doğrudur, şəhər desən, o da doğrudur. Hər cəhətdən möhtəşəm bir yerə çevrilib. Doğrudan da, ora gedib gördükdə insanın qüruru artır. Hər səfərimdə yeni bir inkişaf, yeni bir quruculuq işi görürəm. Bu, Azərbaycanımız üçün çox böyük uğurdur. Yaxın gələcəkdə Qarabağ bütün Azərbaycan vətəndaşlarının sərbəst şəkildə gedə biləcəyi bir bölgəyə çevriləcək”, - deyə Cabbar Şıktaş əlavə edib.

Qeyd edək ki, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Türkiyədən bir qrup media nümayəndəsi Qarabağa səfərə yola düşüblər. Səfər çərçivəsində qonaqlar Naxçıvanda da olublar.