Qələbənin beşinci ildönümü ərəfəsində oxucuların müzakirəsinə verilən “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını Hüquq və İnsan Haqları İnstitutunun şanlı Zəfər gününə layiqli hədiyyəsi kimi dəyərləndirmək olar. Müəllifi İnstitutun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev olan həmin kitabda 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələri ilk dəfə olaraq xronoloji ardıcıllıqla beynəlxalq hüquq, beynəlxalq münasibətlər, diplomatiya hüququ baxımından hərtərəfli təhlil olunmuş, Prezidentin çıxışlarındakı çoxsaylı məqamlar siyasi paralellər əsasında dəyərləndirilmiş, diplomatiya və informasiya müharibəsi sahəsində qazanılan uğurlara faktlara əsaslanmaqla onlara aydınlıq gətirilmişdir.
Müəllif cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladıqdan sonra Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü ideyalara söykənərək Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün məqsədyönlü fəaliyyət göstərməsini, bu sahədə apardığı səmərəli işləri qeyd edərək yazır: “İlham Əliyev apardığı xarici siyasət nəticəsində vaxtilə əsassız olaraq Ermənistanı dəstəkləyən dövlətləri Azərbaycanın zəfər yürüşü dövründə hadisələrin seyrçilərinə çevirdi. İlham Əliyev “bir millət, iki dövlət” ideyasını reallığa çevirdi. Düşmən Azərbaycanın çətin günündə bu ifadənin sözdə təzahür olunmuş zəhmini reallıq kimi qəbul etdi. İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətli inkişafına nail olaraq ölkənin iqtisadi dayaqlarını möhkəmlətdi, dünya dövlətləri ilə iqtisadi sahədə əməkdaşlıq hərtərəfli vüsət aldı. İnsan kapitalına xüsusi diqqət yetirilməsi idarəçilik və istehsalın, ordu quruculuğu sahəsində bilikli mütəxəssislərin yetişdirilməsinə səbəb oldu. Ordunun müasir texnika ilə təmin olunması ölkənin müdafiə qabiliyyətini möhkəmləndirdi və Azərbaycan Ordusu zəfər qazanmağa layiq ordu kimi özünü doğrultdu.
İlham Əliyev Azərbaycan insanında qələbə sevincini tədricən idman və musiqi sahələrindən başlayaraq müharibədə qələbəyə inam səviyyəsinə kimi yüksəldə bildi. İlham Əliyev xalqın birliyinə, xalq ilə ölkə rəhbərliyinin, ordunun birliyinə nail oldu. İlham Əliyev Ermənistanın hərbi qüvvələrinə münasibətdə Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli və dəfələrlə qüdrətli olmasını təkrar-təkrar qeyd edirdi. Bundan əlavə, xalq bu təcavüzə son qoyulması üçün ayağa qalxmış, birləşmiş, Vətənin işğaldan azad olunmasına istiqamətlənmişdi. 30 ilə yaxın müddətdə torpaqların işğal altında qalması hər kəsin qəlbini intiqam hissi ilə doldurmuşdu, vətənpərvərlik və mənəvi ruh yüksək səviyyədə idi, ölkə başçısının rəhbərliyi altında mübarizə üçün iqtisadi, siyasi, hüquqi baza hazırlanmışdı. “Saatların əqrəbi tam bir dairə vurub, zənglər çalınmağa başladığı kimi, eyni şəkildə hərəkət üçün zaman yetişmişdi”.
27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycan ərazilərinə qarşı növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, “regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir”. Ermənistanın törətdiyi təxribat onun siyasi rəhbərliyinin ölkələrində mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq cəhdi hakimiyyətlərinin bacarıqsızlığının təzahürü idi.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bildirdi ki, Ermənistanın Azərbaycana silahlı hücum etməklə işğalçılıq siyasətini davam etdirməsinə cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamışdır. Müəllif yazır: “Təcavüzkar Ermənistanın niyyətlərindən əl çəkməməsi, yeni ərazilərin işğalına yönəlmiş son təxribatları onu “qanun çərçivəsinə qaytarmaq və müharibəni qurtarmaq üçün təxirəsalınmaz tədbirlər” tələb edirdi. Ona görə də İlham Əliyev Çingiz xanın Xarəzm şahı Məhəmmədə naməsində yazdıqlarını xatırlatmalı oldu: “Müharibə istəyirdin. Sən onu alacaqsan”.
Müəllif münaqişənin həllində diplomatiyanın rolu ilə bağlı yazır: “Diplomatiya tarixinə dair sənədlərin öyrənilməsi, həmçinin beynəlxalq həyatda baş verən faktların müşahidəsi və analizi belə bir nəticəyə gətirib çıxarır ki, beynəlxalq münaqişələrdən əvvəl və ya onlardan sonra, hətta beynəlxalq münaqişələr davam etdiyi dövrdə belə, diplomatik mübarizə müxtəlif üsullarla dövriyyəyə buraxılır, onlardan bəzən ayrı-ayrılıqda, bəzən kombinə edilmiş şəkildə istifadə olunur. Hələ XIX əsrdə F.Engels deyirdi ki, siyasi mübarizlərin hərb sənətini öyrənmək vaxtı gəlib çatmışdır: bunsuz onların bəşəriyyətin yaxşı gələcəyi uğrunda mübarizəsi mümkün deyildir. Avropa diplomatiyası iki məqsədə nail olmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Bu məqsədlərdən biri özlərinin əsl planlarını maskalamaq və əslində olmayanı, niyyət ediləni simulyasiya etmək idi.
Diplomatiya sənətinin qədim ustalarından biri, XVII əsrin birinci yarısında İsveç krallığının kansleri olan Aksel Oksenşernə aid edilən deyimə görə, həqiqi diplomat öz xidmətində həmişə iki kənizi - simulyasiya və disimulyasiyanı hazır vəziyyətdə saxlamalıdır. Onlar olmayanı simulyasiya, həqiqətdə olanı isə disimulyasiya etməli idi. Buna əsas qazandırmaq üçün isə o, məşhur latın ifadəsinə istinad edir: “Simulantur quae non sunt, quae sunt vero dissimulantur”. Avropa diplomatları lazım olduqca hər iki “kəniz”in xidmətindən istifadə edirdilər: onlar mövcud olmayanı iddia edir, mövcud olanı isə gizlədir və bununla da həm simulyasiyanı, həm də disimulyasiyanı təcrübədən keçirirdilər".
Müəllif davam edərək yazır: “Ermənistanın özünün təcavüzkar siyasətini “öz təhlükəsizliyi haqqında” qayğı pərdəsi altında gizlətməyə çalışması reallıqla uzlaşmırdı. Ola bilsin ki, ermənilər bu ağlasığmaz təcrübəni öz havadarları Fransanın dövlətçilik və diplomatiya tarixindən əxz etmişlər. Versal Sülh Müqaviləsi çərçivəsində müzakirələrin gedişində Ermənistanın hazırkı havadarlarından olan Fransa dövlətinin xarici işlər naziri Klemanso özlərinin təhlükəsizliyinin təmini üçün Alman dövlətinin torpaqları hesabına Rusiya ilə Almaniya arasında “Böyük Polşa dövlətinin yaradılmasını” təklif edirdi. Onun bu təşəbbüsü ABŞ Prezidenti Vudro Vilson və Böyük Britaniyanın xarici işlər naziri Lloyd Corc tərəfindən rədd edildi”.
Müəllif Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında beynəlxalq hüquqa əsaslanaraq “təcavüzkar dövlət dayandırılmalıdır” tələbinə münasibət bildirərək göstərir ki, “əslində, o bu fikri altı gün əvvəl sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində səsləndirmişdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.
Cənab İlham Əliyevin haqlı tələbini U.Çörçill 74 il əvvəl bu cür ifadə edirdi: “Çətinliklər və təhlükələr biz onları sezməsək belə aradan qalxmayacaqdır. Biz hər şeyi öz axarına buraxdığımız və nə baş verəcəyini gözlədiyimiz zaman da onlar yoxa çıxmayacaqdır. Əgər biz əmin-amanlıq siyasətini həyata keçirsək, bu halda da onlar yoxa çıxmayacaqdır. Nizamasalma lazımdır. Biz nə qədər uzun zamana bunu təxirə salsaq, onu əldə etmək bir o qədər çətin olacaq, bizi hədələyən təhlükə bir o qədər artacaqdır”.
Prezident İlham Əliyev U.Çörçillin həmin Fulton nitqində dilə gətirdiyi bir həqiqəti də bilirdi: “Mən inanıram ki, bizim taleyimiz öz əlmizdədir və gələcəyi xilas etməyə gücümüz çatar”. Təcavüzkar dövləti isə cilovlamaq lazım idi. Bunu taleyinin öz əlində olduğunu və gələcəyi xilas etməyə gücü çatacağını bilən, xalqına, ordusuna, gücünə inanan Ali Baş Komandanın müzəffər ordusu etməli idi.
Ermənistanın siyasi rəhbərlərinin bağladıqları müqavilələrə münasibəti ilə bağlı müəllif haqlı oraq qeyd edir ki, bu münasibət “alman faşistlərinin İkinci dünya müharibəsi öncəsi bağladıqları müqavilələrə münasibətindən fərqlənmirdi. Məlum olduğu kimi, Versal sülh müqaviləsi Almaniyanın silahlanması ilə bağlı məhdudiyyətlər müəyyən etmişdi. Lakin Hitler hakimiyyətə gəldikdən sonra o, Versal sülh müqaviləsinin müddəalarını pozmaqla, Almaniyanın silahlanmasını gah almanların “milli ləyaqətinin alçaldılması”, gah “Almaniyanın təhlükəsizliyinin təmini”, gah da “kommunizmdən müdafiə” şüarları ilə əsaslandırırdı. 15 aprel 1935-ci ildə Millətlər Cəmiyyəti Şurasının fövqəladə sessiyası fəaliyyətə başladı və aprel ayının 17-də sessiya Almaniya hökumətinin hərbi sahədə fəaliyyətinin Versal sülh müqaviləsinin pozulması kimi dəyərləndirilməsi barədə qətnamə qəbul edərək qeyd etdi ki, beynəlxalq öhdəliklərdən birtərəfli imtina sülhün qorunması üçün təhlükə yarada bilər. 20 aprel 1935-ci ildə Hitler hökuməti Millətlər Cəmiyyətinin Şurasında təmsil olunan dövlətləri xəbərdar edərək bildirdi ki, onların Almaniya üzərində hakim kimi çıxış etmək hüququnu tanımır və buna görə də qətnamələrini qəti olaraq rədd edir. Alman faşistlərinin bağladıqları müqaviləyə və həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərə laqeyd münasibəti 24 avqust 1939-cu ildə hücum etməmək haqqında “Molotov-Ribbentrop paktı” kimi tanınan Sovet-alman paktına münasibətdə də özünü təzahür etdirdi. 22 iyun 1941-ci ildə həmin müqavilənin pozulmasını almanlar sovet hökumətinin anti-alman siyasəti, alman sərhədlərinə təhlükə ilə əsaslandırdılar. Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini 27 il müddətində icra etməməsi təcavüzkar dövlətin bu aparıcı beynəlxalq təşkilata münasibətinin göstəricisi idi. Hər halda, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməklə BMT-nin Təhlükəsizlik Şurasına daxil olan dövlətləri, xüsusən, onun daimi üzvlərini özü üzərində hakim kimi qəbul etmirdi, ya da sərgilədiyi davranış həmin dövlətlərin iradələri ilə uzlaşırdı.
Müəllif əsərdə zəfər günlərində Prezident İlham Əliyevin diplomatiya sahəsində bacarıqlarını önə çəkir, bu yolda qazanılmış uğurları tarixi faktlarla müqayisə edərək oxucuya çatdırır: “İlham Əliyev uzun səylər nəticəsində, Azərbaycanın işğal olunmuş ərazilərini erməni silahlı qüvvələrindən azad etmək üçün üçüncü dövlətlərin müdaxiləsindən azad lokal müharibəyə böyük diplomatik səylər nəticəsində nail olmuşdu. Tarixdə böyük diplomatlar kimi tanınmış şəxsiyyətlər bu cür nailiyyət əldə etməyi özləri üçün böyük uğur hesab etmişlər. Professor V.M.Xvostov Bismarkın diplomatik fəaliyyətindən bəhs edərkən yazırdı: “Bismark Alman imperiyasının yeganə görkəmli diplomatı idi... Bismark demək olar ki, rahatlıq bilməyən enerjili və fövqəladə fəaliyyətlilik naturasına malik idi. Onun beyni daim və yorulmadan yeni-yeni diplomatik kombinasiyaların axtarışında idi… Bismark həmişə nə istədiyini bilir və öz məqsədinə nail olmaq üçün iradəsini valehedici həddə qədər yüksəyə qaldıra bilirdi. O, məqsədinə doğru bəzən qətiyyətlə, çox vaxt isə mürəkkəb, hərdən dolaşıq, gizli, həmişə müxtəlif və narahat yollarla gedirdi”. Əlbəttə, Bismarkın və digər tanınmış diplomatların fəaliyyəti ilə bağlı çox danışmaq və çoxsaylı nümunələr gətirmək olar. Bizim məqsədimiz diplomatlar və onların istifadə üsullarından geniş söhbət açmaq deyil, sadəcə diplomatiya sahəsində fəaliyyətin necə çətinliklərdən keçdiyini nəzərə çatdırmaq idi. İlham Əliyev xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq üçün diplomatik yolun çətinliklərini də keçməli, müxtəlif maneələri dəf etməli olmuşdu. Bu yolda qazanılmış ən böyük uğurlardan biri 27 sentyabr 2020-ci il tarixində yenidən başlanan silahlı münaqişəyə digər dövlətlərin müdaxiləsini neytrallaşdırmaq sahəsində qazanılmış uğur idi”.
Cənab İlham Əliyev 44 günlük Qarabağ müharibəsi günlərində Ermənistanın havadarları tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan tərəfdə muzdluların döyüşməsi” barədə ittihamlara apardığı danışıqlar zamanı sərt mövqe nümayiş etdirməsi ilə son qoymasını da onun diplomatik uğuru kimi dəyərləndirmək olar. Müəllif bu barədə yazır: “2020-ci ilin 4 oktyabrında “ƏL-ƏRƏBİYƏ” televiziya kanalına verdiyi müsahibə zamanı jurnalistin “Rusiya və Fransanın Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı Azərbaycana qarşı ittihamları”na münasibətini soruşduqda İlham Əliyev bunu tamamilə rədd edərək bildirdi ki, Azərbaycan Ordusunun nümayiş etdirdiyi güc onu deməyə əsas verir ki, Azərbaycanın heç bir muzdluya ehtiyacı yoxdur. Bu, əslində reallığı əks etdirən, görünən həqiqət idi. Müasir müharibələrdə informasiya müharibəsi daha çox fəallıq qazanmışdır. Cəbhədə özünü təsdiq edə bilməyən dövlətlər yalan məlumatlar yaymaqla havadarlarının onlara qahmar çıxmasına ümid bəsləyirlər. Ermənistan cəbhədə sözünü demək qabiliyyətində olmayan, yalan xəbərlər yaymaqda peşəkar olan bir dövlətdir. Fransa Prezidentinin Azərbaycan tərəfində muzdluların döyüşməsinə dair heç bir əsası olmayan xəbərlərə istinad etmək canfəşanlığı Fransada yaşayan erməni lobbisinin Prezidentə təsirinin nəticəsi idi. Bu cür əsassız iddialar irəli sürməklə, əslində Fransa Prezidenti öz nüfuzunu sarsıdırdı.
Prezident İlham Əliyev başqa dövlətlərin rəhbərlərindən Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmağı tələb edirdi: “Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyin etmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar”.
2020-ci il oktyabrın 6-da “PERVIY KANAL” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin yenidən həmin məsələlərlə bağlı mövqeyini sərtləşdirərək deyilənlərin sübutunu tələb edirdi: “Erməni qoşunları Azərbaycan Ordusunun, onun əsgərinin cəsurluğundan özünü itirmiş, “ölümcül yaralanmış”, xilas axtarırdı. Ona mənəvi qüvvə verəcək heç nə yox idi. Ümidi yalnız başqalarına – uzun illər boyu yaltaqlanıb, sədəqə umduğu havadarlara zəng etməkdə idi. İlham Əliyev hər bir deyilən sözün, hər bir mövqenin əsaslı olmaqla müvafiq sübutlarla əsaslandırılmasının tərəfdarı idi. Ona görə o, jurnalistlərdən də, rəqiblərindən də, dövlət başçılarından da dediklərinin sübutunu tələb edirdi: “Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm… sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm”.
2020-ci il oktyabrın 7-də “CNN-TÜRK” televiziyasına müsahibəsində İlham Əliyev Fransa dövlət başçısının beynəlxalq hüquqla uzlaşmayan vasitəçilik missiyasına mübasibət bildirərək Fransa dövlət başçısının həmin sahədə fəaliyyətinin neytrallaşdırılmasının bünövrəsini qoydu. Müəllif yazır: “İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə, onların mandatlarına müvafiq olaraq qərəzsizlik nümayiş etdirməli olduqlarına münasibət bildirərək qeyd edirdi ki, Fransanın son günlərdəki mövqeyi onların vasitəçilik missiyalarına müvafiq olmamış, onlar əsassız olaraq Azərbaycan və Türkiyəni münaqişəyə muzdlular cəlb etməkdə ittiham etmiş, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” kimi şüarlarla çıxış etmişlər. Fransa dövlət başçısının bu cür fəaliyyəti həmin ölkədə yaşayan erməni diasporunun təsirinin nəticəsi olsa da, Fransanı nüfuzdansalıcı bir hərəkət kimi dəyərləndirilməlidir.
Fransa dövlətinin özünün hazırkı prezidenti E.Makronun şəxsində niyyətlərini ört-basdır etmək üçün Ermənistanın Azərbaycana təcavüzü olan silahlı hücumunu öz adı ilə deyil, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” kimi təqdim etməsi Fransanın riyakar diplomatiyasının yeni nümayişi idi.
Əslində, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa dövlətinin rəsmi nümayəndəsinin münaqişə tərəflərindən birini dəstəkləyib, digərinə qarşı ögey münasibəti dövlətin vasitəçilik missiyası ilə bir araya sığmırdı”.
13 oktyabr 2020-ci il tarixdə “HABER TÜRK” televiziya kanalına müsahibəsi zamanı jurnalistin münaqişəyə Fransanın münasibəti ilə bağlı suallarını cavablandırarkən isə Prezident İlham Əliyev qeyd etdi: “Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır”. Əlbəttə ki, qısa müddət ərzində vəziyyətin qeyd olunan tərzdə dəyişməsini İlham Əliyevin diplomatik uğuru kimi qiymətləndirmək lazımdır. Fransa tərəfindən Azərbaycanın münaqişəyə muzdluları cəlb etmək barədə bəyanatını Fransa tərəfi heç bir sübutla təsdiqləyə bilmədi və Fransa bəyan etdiyi mövqedən də çəkilməli oldu.
Minsk qrupunun həmsədri kimi Fransanın əvvəlki qərəzli mövqeyindən geri çəkilməsi İlham Əliyevin diplomatik vasitələrdən uğurla istifadəsi kimi qiymətləndirilməlidir”.
Bir tərəfdən, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın iqtisadi inkişafı, coğrafi mövqeyindən istifadə edərək nəqliyyat dəhlizləri yaratması, müstəqil iqtisadi siyasət yürütməsi bəzi dövlətləri təmin etmir, digər tərəfdən, Azərbaycan torpaqlarını işğal etməyi qarşısına məqsəd qoyan Ermənistanın hər cür yalan xəbərlər yaymaqla Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışması və s. amillər Azərbaycandan informasiya müharibəsində sayıq olmağı, mümkün olan imkanlardan istifadə edib həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı tələb edirdi. Əslində, İkinci Qarabağ müharibəsi günlərində Prezident İlham Əliyevin özünün fəaliyyəti bu sahədə Azərbaycana böyük uğurlar gətirirdi. Cənab İlham Əliyev dövlət rəhbəri kimi müraciət edən bütün televiziya kanallarına, müxbirlərə müsahibələr verir, müxtəlif müraciətlər edir, münaqişə, onun nizama salınması ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırırdı.
44 günlük Qarabağ müharibəsi dönəmində informasiya müharibəsi sahəsində dövlət başçısının fəaliyyəti düşməm üzərində qələbəyə nail olunmasında mühüm əhəmiyyətə malik idi. Belə ki, 44 günlük Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyevin müxtəlif beynəlxalq informasiya agentliklərinə və bir sıra xarici ölkələrin milyonlarla izləyicisi olan televiziya kanallarına verdiyi müsahibələr Azərbaycanın ən güclü informasiya silahı oldu və Azərbaycan bu informasiya savaşında şəksiz olaraq qalib çıxdı. Belə ki, bütün dünya ictimaiyyəti Qarabağ müharibəsi haqqında həqiqətləri və dəqiq məlumatları Prezident İlham Əliyevin çıxışlarından və müsahibələrindən əldə edirdi, bütün informasiya agentlikləri ilk və obyektiv mənbə kimi cənab İlham Əliyevə istinad edərək məlumatları yayırdı. Müharibə ilə bağlı bütün təhlillər Prezident İlham Əliyevin çıxışları və müsahibələrinə istinad etməklə aparılırdı. Hətta düşmən tərəfin əhalisi və dövlət qurumları cəbhədə baş verənlər haqqında real məlumatı dövlətimizin başçısının çıxışları və müsahibələrindən əldə edirdilər. Məhz cənab İlham Əliyevin müxtəlif dillərdə müxtəlif beynəlxalq informasiya agentliklərinə verdiyi müsahibələr beynəlxalq aləmdə erməni yalanlarını darmadağın etdi, beynəlxalq ictimaiyyəti Azərbaycanın öz ərazilərinin işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi aprardığına inandırdı.
12 oktyabr 2020-ci il tarixdə, yəni bir tərəfdən diplomatik danışıqların getdiyi, bir tərəfdən də düşmənin mülki əhaliyə qarşı ən dağıdıcı və qadağan olunmuş silahlarla hücum etdiyi mürəkkəb bir zamanda Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə üçün vaxt ayırması jurnalist tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirirdi. Həmin xüsusatla bağlı müəllif yazır: “müasir müharibələrdə informasiya məkanında uydurma iddialardan, təxribat xarakteri daşıyan yalanlardan qorunmaq üçün həqiqəti ictimaiyyətə çatdırmaq reallıqların dərk olunması üçün əhəmiyyətli idi. İnformasiyaların əldə edilməsi və ötürülməsinin texniki imkanlarının genişlənməsi beynəlxalq münasibətlərdə informasiya qarşıdurması da yaratmışdı. O, özündə siyasət subyektlərinin siyasi məqsədlərə nail olmalarına istiqamətlənmiş kompleks tədbirləri birləşdirirdi. “İnformasiya qarşıdurması” (İnformation Warfare) anlayışı 1992-ci ildən ABŞ Müdafiə Nazirliyi tərəfindən radioelektron mübarizənin növü kimi istifadə olunmuşdu. Lakin bir qədər sonra 1996-cı ildə bu anlayış ABŞ-ın “Rend” MR-661-OSD korporasiyasının hesabatında (Strategic İnformation Warfare. A New Face of War) daha geniş şərhini aldı. Hesabatın səhifələrində ilk dəfə olaraq informasiya mübarizəsinə hərbi-strateji, sonra isə həm də siyasi məna verən “Strategic Information Warfare” termini kimi baxılmağa başlandı. S.A.İvanov yazır ki, “İnformasiya müharibəsi” termini cəmiyyətin inkişafının müasir mərhələsində, şübhəsiz ki, mühüm və aktualdır. Onu dəqiq başa düşmədən müasir siyasi həyat və geopolitikada baş verən prosesləri başa düşmək mümkün deyildir. İlham Əliyev hərbi üstünlüyün qazanılması, diplomatik əlaqələrin davam etdirilməsi, xalqla təmasın möhkəmləndirilməsi ilə yanaşı, informasiya sahəsində işin gücləndirilməsini də müharibə dövrünün zəruri fəaliyyəti kimi dəyərləndirirdi. İnformasiya məkanında mövqelərin düzgün çatdırılması və dünya ictimaiyyəti ilə ünsiyyətin uğurlu təşkili zəruri olmaqla informasiya müharibəsinin tərkib hissəsini təşkil edirdi. Yalan faktlar quraşdırmaqda, həqiqəti saxtalaşdırmaqda mahir olan düşmən qüvvələr artıq atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə yalanları dünyaya yaymış, özlərinin Gəncədəki mülki əhaliyə qadağan olunmuş raketlərlə atəş açmaqla törətdikləri beynəlxalq cinayətlərini uydurma faktlarla pərdələmək istəyirdilər”.
Bu cəhətdən müəllif siyasət və mənəviyyatın qarşılıqlı əlaqələrindən söhbət açaraq davam edir: “Maks Veber siyasət və mənəviyyatın qarşılıqlı nisbəti məsələləri ilə əlaqədar insanın siyasi keyfiyyətlərinə müstəsna dəyər verir və hesab edirdi ki, siyasətçi üçün üç keyfiyyət əsasdır: böyük həvəs, məsuliyyət hissi və məsafəni gözəyarı ölçmə. Həvəs altında Veber özünün ifadə etdiyi kimi, işin mahiyyətini nəzərdə tuturdu. Siyasətçi özünü bütünlüklə seçdiyi peşəyə verməlidir. Onun siyasətlə başdansovdu məşğul olmağa haqqı yoxdur. Lakin siyasətçi özünün məsuliyyətini hiss edirsə, yalnız o halda siyasətlə həvəslə məşğul ola bilər. Veber məsuliyyət hissini siyasətçinin fəaliyyətinin əsas yol göstərən ulduzu hesab edirdi. Siyasətçinin məsafəni gözəyarı ölçməyi, yəni “daxili hazırlıq və rahatlıq ilə reallığın təsirini qarşılamaq, başqa sözlə əşyalara və adamlara münasibətdə məsafə saxlamaq qabiliyyəti tələb edir”. Veber hesab edirdi ki, siyasətçi pisliyə qarşı, zorakılığa qarşı durmalı, əks halda o, pisliyin qələbəsinə görə məsuliyyət daşıyacaqdır. Əslində, burada məsələ onda deyil ki, siyasətçi mənəviyyat prinsiplərini rəhbər tutmalıdır, zəruri olan odur ki, siyasətçi mühüm siyasi qərarlar qəbul etmək üçün mənəvi keyfiyyətlərə malik olmalıdır. Veberə görə siyasətçinin etik baxışları ona siyasi reallığa müvafiq qərarlar qəbul etməkdə maneçilik törətməməlidir. “Mənəviyyat” sözün geniş mənasında adamların fəaliyyət və ünsiyyət prosesində rəhbər tutduqları qayda, norma və prinsiplərin məcmusudur. Siyasət kimi mənəviyyat da insanların qarşılıqlı münasibətlərinin özünəməxsus tənzimləyicisidir və ona görə də onların bir sıra ümumi cəhətləri var. Lakin bu ümumilik tamamilə müxtəlif cür təzahür edir. Konkret şəraitdən asılı olaraq həm siyasət, həm də mənəviyyatın müxtəlif funksiyaları var. Başqa sözlə, onlar cəmiyyətdə müxtəlif nizamlayıcı əhəmiyyətə malikdirlər. Heydər Əliyev deyirdi: “…mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdirir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə həmişə sadiq olaq.
...Mənəviyyatdan çıxış edərək cəmiyyət tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirərək onları ya mühakimə edir, ya da şənlərinə mədhnamələr oxuyur. Əsl siyasətçi başa düşür ki, bütöv məhv olarsa, onda onun hissələri də məhv olacaqdır. Məsələn, əgər xalq məhv olarsa, onda onu təşkil edən fərdlər də məhv olacaqdır. Ona görə siyasətçi xalqı qorumaq üçün ayrı-ayrı fərdlərin qurban verilməsini qəbul edir. Siyasətçi siyasi məsuliyyət daşıyır, ona görə də o, ilk növbədə bütöv (xalq), sonra isə hissə (insan) haqqında düşünməlidir. Eyni zamanda, siyasətçi ümumi maraqlara zidd olan şəxsi maraqlarını qurban verməlidir. Aristotel qeyd edirdi ki, kim yüksək vəzifə tutmaq istəyirsə üç keyfiyyətə malik olmalıdır: əvvəla, müvafiq dövlət quruluşuna ürəyi yanmalı; sonra, vəzifəyə aid olan öhdəlikləri yerinə yetirmək üçün böyük qabiliyyətə malik olmalı; üçüncüsü, hər bir dövlət quruluşuna müvafiq olan yaxşılıq və ədalətliliyi ilə seçilməlidir. Aristotel, həmçinin hesab edirdi ki, kimsə digərini yaxşılıqda keçirsə və daha yaxşı fəaliyyəti həyata keçirmək qabiliyyətindədirsə, bu cür insanın arxasınca getmək gözəl və ona tabe olmaq ədalətlidir. Bu cür insan təkcə yaxşılığa malik olmamalı, həm də fəaliyyət üçün qabiliyyət nümayiş etdirməlidir. İlham Əliyev mühüm qərarların qəbul edilməsində mənəvi prinsipləri heç vaxt yaddan çıxarmır, eyni zamanda, Vətənin, torpağın müdafiəsi üçün insanların öz evlərində möhkəm dayanmasını, düşmənə layiqli müqavimət göstərməsini alqışlayırdı”.
Əlbəttə, bir məqalə çərçivəsində diplomatiya, beynəlxalq münasibətlər, informasiya müharibəsi ilə əlaqədar kitabda əksini tapanların hamısı haqqında məlumat vermək mümkün deyil. Bundan əlavə, müəllif Prezident İlham Əliyevin çıxışlarında əksini tapan məsələlərlə bağlı olduqca maraqlı və mübarizəmizin ədalətliliyini sübuta yetirən yüzlərlə siyasi paralelərə istinad edərək əsərin oxunaqlılığını təmin etmiş, gəldiyi nəticələrin əsaslılığını sübuta yetirmişdir. Odur ki, mən oxuculara həqiqətən də böyük yaradıcı işin nəticəsi olan kitabı oxumağı tövsiyə edir, bundan böyük zövq alacaqlarına onları əmin edirəm.
Ramiz Sevdimalıyev,
siyasi elmlər doktoru, professor