01 sentyabr 2026 21:16
113

Uşağı məktəb rejiminə bir gündə qaytarmaq olmaz - Pediatr

Yeni dərs ilinin başlamasına sayılı günlər qaldıqca valideynlərin diqqəti məktəb ləvazimatları ilə yanaşı, uşaqların gündəlik rejiminə də yönəlir. Yay tətilində gec yatmağa, səhərlər gec oyanmağa və daha sərbəst qidalanmağa öyrəşən uşaqlar üçün məktəb qrafikinə qayıtmaq ilk günlərdə heç də asan olmaya bilər. Yuxu saatlarının dəyişməsi, səhər yeməyinin ötürülməsi, uzun müddət ekran qarşısında qalmaq və yeni kollektivə uyğunlaşmaq uşağın həm fiziki, həm də emosional vəziyyətinə təsir göstərə bilər.

Bəs dərs başlamazdan əvvəl uşağın rejimini necə tənzimləmək, qidalanmada nələrə diqqət etmək və məktəb mühitində tez-tez rast gəlinən virus infeksiyalarından qorunmaq üçün hansı addımları atmaq lazımdır?

Yay rejimindən məktəb qrafikinə keçid

Pediatr Gülnar Abdullayeva "İki sahil"ə açıqlamasında bildirdi ki, yeni dərs ilinin başlanmasına az qalmış uşaqların məktəb rejiminə tədricən uyğunlaşdırılması vacib hesab olunur. İlk növbədə nəzərə almaq lazımdır ki, yay tətili dövründə uşaqların həm qidalanma, həm də yuxu saatları daha sərbəst olur. Xüsusilə böyük yaşlı uşaqlar gec saatlarda yata və səhərlər daha gec oyana bilirlər. Məsələn, bəzi uşaqlar gecə saat 11-12-də yataraq səhər saat 10-11-də oyanırlar. Məktəbə hazırlıq üçün bu rejimi birdən-birə deyil, tədricən dəyişmək lazımdır. Hər gün yatmaq və oyanmaq saatını yarım saat və ya bir saat tezləşdirməklə uşağı məktəb rejiminə uyğunlaşdırmaq mümkündür.

Bununla yanaşı, uşaqlarda yenidən kitab oxuma vərdişi formalaşdırılmalıdır. Gün ərzində müəyyən vaxtın oxu və digər zehni fəaliyyətlərə ayrılması onların məktəb dövrünə adaptasiyasını asanlaşdıra bilər.

Yuxusuz başlayan məktəb günü uşağa necə təsir edir?

Yuxu rejimi uşağın fiziki və emosional vəziyyətinə birbaşa təsir göstərir. Yay aylarında uşaqlar daha çox hərəkət edir, oynayır və fiziki aktiv olurlar. Lakin yuxu rejimi düzgün qurulmadıqda məktəb dövrünə keçid zamanı çətinliklər yarana bilər. Bu səbəbdən məktəb başlamazdan əvvəl uşağın yatmaq və oyanmaq saatları tədricən məktəb qrafikinə uyğunlaşdırılmalıdır.

Vaxtında yatmamaq, kifayət qədər istirahət etməmək və nizamsız qidalanmaq uşağın emosional vəziyyətinə, diqqətinə və ümumi fəaliyyətinə mənfi təsir göstərə bilər. Uşaqların yaşına uyğun olaraq kifayət qədər yatması, vaxtında oyanması və düzgün qidalanması vacibdir.

Məktəb çantasında nə olmalıdır, səhər süfrəsində nə?

Məktəbə hazırlıq dövründə sağlam qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Uşaqların qida rasionunda meyvə, tərəvəz, süd məhsulları və kifayət qədər su olmalıdır. Şəkərli və zərərli qidalardan mümkün qədər uzaq durmaq lazımdır.

Valideynlərin yol verdiyi ən böyük səhvlərdən biri uşağın məktəbə səhər yeməyi yemədən göndərilməsidir. Uşağa səhər yeməyinin vacibliyi düzgün izah edilməlidir. Səhər yeməyi balanslı olmalı, süd məhsulları, yumurta, meyvə, tərəvəz və digər faydalı qidalardan ibarət ola bilər.

Həmçinin yatmazdan dərhal əvvəl qida qəbul etmək tövsiyə edilmir. Son qida qəbulu ilə yuxu arasında müəyyən vaxt intervalının olması məqsədəuyğundur.

“Lunchbox”u şirniyyat qutusuna çevirməmək lazımdır

Məktəb dövründə uşaqlar üçün xüsusi qida qutularından - “lunchbox”lardan istifadə də vacibdir. Bu qutular təmiz saxlanılmalı və uşağın gündəlik qida ehtiyacına uyğun hazırlanmalıdır. Buraya meyvə, çərəzlər və ev şəraitində hazırlanmış faydalı qidalar daxil edilə bilər. Marketlərdə satılan, tərkibində yüksək miqdarda şəkər və müxtəlif əlavələr olan hazır məhsullara üstünlük verilməməlidir.

Yeni kollektiv, yeni viruslar

Məktəbə başlayan uşaqlarda, xüsusilə yeni kollektivə daxil olduqları dövrdə virus infeksiyalarına yoluxma halları müşahidə oluna bilər. Məktəb mühitində uşağın il ərzində bir neçə dəfə virus infeksiyasına yoluxması normal hal hesab edilə bilər. Lakin uşağın tez-tez və ağır formada xəstələnməsi, infeksiyaların davamlı təkrarlanması və ya digər narahatedici simptomların müşahidə olunması əlavə araşdırma tələb edə bilər.

Uşağın immun sisteminin dəstəklənməsi üçün ilk növbədə düzgün yuxu rejimi, balanslı qidalanma və sağlam həyat tərzinə diqqət yetirilməlidir. Uşaq vaxtında yatır, düzgün qidalanır və gündəlik rejiminə əməl edirsə, məktəb mühitinə uyğunlaşması da daha rahat keçə bilər.

Nigar Orucova, "İki sahil"