Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan tərəfi hər zaman beynəlxalq təşkilatların vasitəçiliyinə hörmətlə yanaşmışdır. Lakin hadisələrin uzanması, 30 ilə yaxın davam edən erməni yalanları və cəzasızlıqlarına arxalanaraq daha da azğınlaşması bu münaqişənin danışıqlar yolu ilə həlli ümidlərini azaldırdı. 2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində yeni təxribatı zamanı general-mayor Polad Həşimovla birgə şəhidlər verməyimiz müharibə zərurətini reallaşdırdı. Ermənilər bu illər ərzində təkcə hərbi obyektləri deyil, mülkü şəxsləri də hədəfə alırdı. 27 sentyabırda növbəti təxribatın ardından Azərbaycan xalqının illərlə gözlədiyi irimiqyaslı hərbi əməliyyatlar başladı. 44 gün sürən Vətən müharibəsində ordumuz fədakarlığı, peşəkarlığı ilə dünya hərb tarixində öz sözünü deməyi bacardı. Xalqımız arxa cəbhədə ordumuza dəstək olaraq hər kəsə örnək birlik nümayiş etdirdi. 30 ildə etdiyi vəhşilklərin, işğalçılığın cəzasız qaldığına arxalanan Ermənistan hər zaman olduğu kimi özünü qurban kimi göstərməyinə, tərəfdaşlar axtarmağına baxmayaraq, Azərbaycanla hərb meydanında üzbəüz qaldı və sonda Azərbaycanın hərbi gücü qarşısında təslim oldu.
Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Azərbaycanın Vətən müharibəsi dünya mətbuatının əsas mövzularından biri oldu. 2020-ci il 10 noyabr tarixi hər birimizin unutmayacağı gündür. Gecə saatlarında cənab Prezident İlham Əliyevin xalqa növbəti müraciəti 30 illik münaqişənin bitməsi xəbəri idi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Videokonfrans vasitəsilə bəyanatın imzalanmasında Ermənistan tərəfi əvvəl iştiraka razılıq versə də, son anda iştiraksız imzaladı. Bu bəyanat Ermənistanın rəsmən məğlubiyyətini etiraf etməsi və hərbi kapitulyasiyası aktı idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!” İşğal illərində Ağdam rayonunda yaşayış binaları tamamilə dağıdılmış, tarixi və memarlıq abidələri vandalizmə məruz qalmış, məşhur Ağdam Çörək Muzeyi yandırılmış, məscidlər təhqir edilmiş, böyük ərazilər minalanmışdı. Rayonun demək olar ki, bütün infrastrukturu yerlə-yeksan edilmiş, kəndlər boşaldılmış və bölgə “ruh şəhər”ə çevrilmişdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Ermənistan qoşunları Ağdam rayonunu tərk etməyi öhdəsinə götürdü. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Ağdama daxil oldu. Bu, yalnız diplomatik uğur deyil, həm də əldə edilən hərbi qələbənin siyasi nəticəsi idi. Ağdamın döyüşsüz təhvil verilməsi Azərbaycan ordusunun gücü, xalqın birliyi və siyasi rəhbərliyin strateji qərarları ilə bağlı idi. Ağdamın azad olunması yalnız bir rayonun geri qaytarılması deyil, həm də xalqın tarixi yaddaşının bərpası, ədalətin təntənəsi, Azərbaycan ordusunun gücünün təsdiqi, ölkənin yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu gün Ağdam yenidən qurulur və yaxın illərdə tam müasir, yaşayış üçün ideal bir şəhərə çevriləcək. Ağdamın dirçəlişi həm tarixi, həm də mənəvi baxımdan Azərbaycan üçün böyük bir qələbədir.
Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir