Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərək onlara ölkənin qarşısında duran prioritet vəzifələr, məmur davranışı, korrupsiya ilə mübarizə, regional inkişaf və sosial ədalət prinsipləri haqqında əhatəli tövsiyələr verib.
Görüşdə dövlət başçısı həm dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, həm də regionlarda sosial-iqtisadi inkişafın yeni mərhələyə keçməsi baxımından mühüm mesajlar səsləndirib. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, yeni təyin olunan məmurların əsas iş prinsipi hər zaman xalqa xidmət olmalıdır. O bildirib ki, vəzifə sahibi olmaq məsuliyyət tələb edir və dövlət məmuru davranışı ilə nümunə göstərməlidir. Prezident xüsusilə məmurların və onların yaxınlarının cəmiyyətdə təvazökar davranmasının vacibliyini qeyd edib. Dövlət başçısı bəzi hallarda məmurların təkəbbürlü davranışlar göstərməsini, özlərini cəmiyyətdən üstün tutmasını qəbulolunmaz adlandırıb və bunun həm dövlətə, həm də dövlət siyasətinə xələl gətirdiyini vurğulayıb. Prezident qeyd edib ki, qanunsuzluğa yol verən istənilən məmur gec-tez məhkəmə qarşısında cavab verir və bu proses davamlı olacaq. Eyni zamanda, dövlət başçısı bildirib ki, bəzi məmurların keçmişdə qanunsuz göstərişlərə məcbur edilməsi faktları mövcud olsa da, bu gün mərkəzi icra orqanlarında aparılan ciddi kadr islahatları nəticəsində həmin mənfi halların qarşısı alınmışdır. Prezident açıq şəkildə bəyan edib ki, yeni təyinat alan rəhbərlərə mərkəzdən qanunsuz tapşırıq verilməsi ehtimalı artıq yoxdur və belə hal aşkarlanarsa, dərhal ciddi tədbirlər görüləcək.
Prezident İlham Əliyev regional inkişaf sahəsində görülən işlərdən danışaraq son illərdə həyata keçirilən infrastruktur layihələrinin ölkənin bütün bölgələrində yeni reallıq yaratdığını qeyd edib. O, xüsusilə enerji, yol infrastrukturu, içməli su, suvarma sistemləri, sosial obyektlərin tikintisi kimi sahələrdə görülən işlərin uğurla başa çatdığını vurğulayıb. Hazırda kənd yollarının 70–80%-nin yenidən qurulduğunu, bütün şəhərlərdə müasir xəstəxanaların fəaliyyət göstərdiyini, elektrik infrastrukturu və su təminatı sahəsində ciddi irəliləyişlərin olduğunu bildirib. Dövlət başçısı həmçinin işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı infrastruktur quruculuğunun həyata keçirildiyini xatırladıb.
Prezident bölgələrdən Bakıya miqrasiyanın hələ də aktual olduğunu qeyd edib. O, vurğulayıb ki, regionlarda yeni iş yerlərinin yaradılması üçün müvafiq proqramların icrası davam edir və bu prosesdə yerli icra rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Prezident qeyd edib ki, bölgələrdə ekoloji tarazlıq xüsusi qorunmalı, qanunsuz fəaliyyətlərə – çay məcralarının dəyişdirilməsi, qanunsuz tikinti materiallarının istehsalı və digər ekoloji fəsadlara səbəb olan proseslərə qətiyyən yol verilməməlidir. Bununla bağlı müvafiq qurumlara ciddi göstəriş verildiyi bildirilib.
Görüşün sonunda Prezident İlham Əliyev yeni təyin olunan məmurlara etimad göstərdiyini, lakin bu etimadın əməli işlə sübuta yetirilməsinin vacibliyini qeyd edib: “Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”
Beləliklə, dövlət başçısının çıxışı Azərbaycanda dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət, xalqa xidmət və regional inkişaf kimi fundamental prinsiplərin növbəti dəfə vurğulanması ilə yadda qaldı. Bu çıxış həm məmur korpusu üçün ciddi xəbərdarlıq, həm də ölkənin gələcək inkişaf istiqamətlərinin aydın mesajı kimi qiymətləndirilə bilər.
Nuranə Dəmirova,
Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir