17 noyabr 2025 09:10
24

Ağdamın əvvəlki şöhrəti bərpa olunur

Qarabağ münaqişəsi dünyanın uzun sürən münaqişələrindən biri idi. Azərbaycanın məsələyə səbirlə yanaşaraq danışıqlar, müzakirələr tərəfdarı olmasını təəssüf ki, Ermənistan tərəfi düzgün qiymətləndirmədi. Xaricdə bəzi havadarlarına arxalanaraq təxminən 27 il beynəlxalq qərarlara laqeydlik göstərdi. Müxtəlif vaxtlarda hətta dinc sakinləri belə hədəf almaqdan çəkinmədilər. Azərbaycanın 20 faiz torpaqlarının işğalı, 1 milyon əhalisinin  köçkünlük həyatı yaşaması, mülkü əhalinin atəşə tutulması, itkilər verilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı cəza tədbiri görülmədi. 44 günlük Vətən müharibəsi haqqın bərqərar olduğu, günahsız insanların qisasının alındığı, dədə-baba yurdundan didərgin düşmüş əhalinin torpağına qovuşduğu tarixi hadisədir.

27 sentyabrdan başlayan və Azərbaycanın Müzəffər Ordusunun şücaəti, fədakarlığı, peşəkarlığı sayəsində məğlubiyyətini etiraf edib kapitulyasiya aktını imzalamağa məcbur qalan  Ermənistan Azərbaycanın təkbaşına hərbi gücünü gördü. Üçtərəfli müqavilənin şərtlərindən biri də, Kəlbəcərin, Ağdamın və Laçının döyüş əməliyyatı aparılmadan Azərbaycana qaytarılması idi. Ermənilər Kəlbəcərin qaytarılmasını yubatmaqla bu bəndin yerinə yetirilməsini uzatmağa çalışsa da, yalnız əlavə on gün qazana bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin də dediyi kimi, “döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları  bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Ötən illər ərzində torpaqların Azərbaycana qaytarılması üçün müəyyən danışıqlar aparılmışdır. Lakin mərhələli şəkildə “həll edilməsi” nəzərdə tutulan bu danışıqlarda Azərbaycan tərəfinə I Qarabağ müharibəsində məğlub tərəf kimi yanaşılaraq hər bir şərtə razı olması təklif edilirdi. Azərbaycan illər ərzində ərazi bütövlüyünü həm siyasi, həm də hərb yolu ilə həll etməyə hazır olmuşdur. Ermənistanın apardıqları bütün təxribatlara səbirlə dözülür, məsələnin danışıqlar yolu ilə həlli gözlənilirdi. Eyni zamanda, Azərbaycan dövlət kimi iqtisadi və siyasi cəhətdən gücləndi. O, dünya təcrübəsilə ayaqlaşan güclü orduya, müasir silahlara   sahib oldu. Müzəffər Ordumuzun sayəsində Vətən müharibəsində qazandığımız Zəfərimizlə 27  il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.

 Torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident İlham Əliyevin xalqa müraciətində dediyi  kimi, “Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

2020-ci il 20 noyabr tarixi Zəfərimiz yolundan unudulmaz günlərdən biridir. Zəngin təbiəti, böyük meşə sahələri, çayları, tarixi abidələri, yeraltı sərvətlərilə dilbər guşələrimizdən sayılan Ağdam rayonunun işğaldan azad olduğu və Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.

23 noyabr 2020-ci il tarixində Müzəffər Baş Komandan İlham Əliyev Ağdam şəhərində Dövlət Bayrağının ucaltmış və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etmişdir.  Ağdam azad olunandan sonra etdiyi səfərlər zamanı bir sıra yeni infrastruktur layihələr reallaşdırılmışdır.

Ağdamın azad edilməsindən dərhal sonra Azərbaycan dövləti böyükmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. Ağdam şəhərinin Baş planı təsdiq olundu, “Ağdam Sənaye Parkı” yaradıldı, yollar, elektrik və su xətləri bərpa edilir, yeni yaşayış kompleksləri və məktəblər tikilir, minaların təmizlənməsi üzrə geniş əməliyyatlar aparılır. Ağdamın geri qaytarılması Qarabağın tam azad edilməsində strateji addım oldu və Azərbaycanın suverenliyinin bərpasında mühüm rol oynadı. Ağdamın döyüşsüz təhvil verilməsi xalqın qələbə ruhunu gücləndirdi və müharibənin siyasi nəticələrini təsdiqlədi, Qarabağın şərq sərhədlərində təhlükəsizliyi bərpa etdi, Bərdə, Tərtər və digər rayonlar düşmən atəşindən xilas oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışında demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri