17 noyabr 2025 16:38
140

Ağdam bu gün inamın və ümidin şəhəridir

20 noyabr tarixi Azərbaycanın müasir tarixinə Ağdam Şəhəri Günü kimi qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün, 27 illik işğala son qoyulan, bir güllə belə atılmadan düşməndən geri alınan Ağdamın azadlıq bayramıdır. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Bu günlərdə Ağdamın işğaldan azad olunmasının beşinci ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon hazırda inkişaf və quruculuğun yeni rəmzinə çevrilib. Ağdam, işğal altında olduğu dövrdə erməni vandallığı nəticəsində “Ruhlar Şəhəri” (Hirosima) adlandırılırdı. Bu dövr, Azərbaycan xalqının ən acı günlərini yaşadığı, torpaqlarının işğal edildiyi, minlərlə insanın evindən didərgin düşdüyü bir dövr olmuşdu. Ağdam şəhəri və ətraf kəndlərdə aparılan barbarlıq, yalnız hərbi məqsəd güdməklə kifayətlənməmiş, həm də tarixi və mədəni abidələrin məhv edilməsi, coğrafi adların dəyişdirilməsi ilə nəticələnmişdir. Cenevrə Konvensiyalarını pozaraq ermənilər, bu ərazilərdə mədəni soyqırım törətmiş və insanları köçkün vəziyyətinə salmışdılar. Azərbaycan xalqının illər boyu çəkdiyi əzablar və itkilər, yalnız Azərbaycanın deyil, həm də ümumilikdə insanlıq tarixinin ən qara səhifələrindən biri olmuşdur. Şəhərin demək olar ki, hər daşı, hər tikilisi məqsədli şəkildə dağıdılmış, mədəni abidələr və evlər talan edilmişdi. Lakin 2020-ci il Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və Müzəffər Ali Baş Komandanın diplomatik qətiyyəti sayəsində, 10 Noyabr Bəyanatına əsasən Ağdam şəhəri və ətraf kəndləri 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Bu, sadəcə ərazi qayıdışı deyil, Azərbaycanın hərbi-siyasi qələbəsinin bariz nümunəsi idi. Döyüş meydanında məğlubiyyəti qəbul edən Ermənistan, Ağdamı döyüşsüz təhvil verməyə məcbur oldu.

Ağdamın azad edilməsindən dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən canlanır. Azərbaycan Prezidentinin “yaşıl prioritetlər”inə uyğun olaraq, Ağdamın “Ağıllı Şəhər” (Smart City) konsepsiyası əsasında yenidən inşa edilməsi, Qarabağın mühüm iqtisadi və mədəni mərkəzinə çevrilməsi hədəflənir. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır.

Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib.

2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-də səfər edib. Bu səfərlər zamanı fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev   Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.

Noyabrın 4-də isə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin,  Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin,  Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının,  daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub.

2023-cü il noyabrın 15-də isə ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.

Bu gün Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Ölkə Başçısı İlham Əliyevin 2025-ci ildə Ağdam rayonuna 5 səfəri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın,  klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin,  Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.

Beləliklə, Ağdam bu gün yenidən doğuşun, inamın və ümidin şəhəridir. İşğaldan sonra daimi köçkün həyatı yaşayan Ağdam sakinləri üçün doğma torpaqlara qayıdış, yəni Böyük Qayıdış, artıq realdır. Ağdam Şəhəri Günü bu Zəfərin hər il təntənəli şəkildə qeyd edilməsinə, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə və xalqımızın birliyinin güclənməsinə xidmət edir.

Anar Məmmədov,

Milli Məclisin deputatı