Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun qəzetimizə müsahibəsində ölkəmizdə sosial siyasətin əsas prioritetləri, qadınların əmək bazarında iştirakı, pensiya sistemi, ünvanlı dövlət sosial yardımı, əlilliyi olan şəxslərin sosial müdafiəsi və özünüməşğulluq proqramları üzrə son illər görülən tədbirlərdən geniş bəhs edilir.
-Ölkəmizdə sosial müdafiə siyasətinin əsas prioritetləri hansılardır?
-Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Biz dövlətimizin güclü və uğurlu sosial siyasətə malik olmasında bunun əməli təsdiqini görürük. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkədə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib.

Dövlətimizin başçısının Fərman və sərəncamları əsasında son 7 ildə də illik əlavə maliyyə tutumu 7,6 mlrd manat, əhatə dairəsi 4 mln. nəfər olan 5 böyük sosial islahat paketi reallaşdırılıb və minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardımın orta məbləğində 2,5 dəfə, yaşayış minimumunda 65 faiz, ehtiyac meyarında 2,2 dəfə artım baş verib.
Son illər innovativ həllərin tətbiqi sosial sahədə xidmətlərin keyfiyyətinin artırılması və bu xidmətlərin vətəndaş məmnunluğuna uyğun qurulmasına imkan verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST modeli əsasında bu gün 160 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf şəkildə göstərilməsi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,6 faiz olması bunun əyani nümunəsidir. Eyni zamanda son illərdə əmək və məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, bir çox proaktiv və e-arayış xidmətləri, ölkənin sosial reyestri olan e-sosial.az portalı, əmək münasibətlərində rəqəmsallaşmaya keçidi təmin edən "Əmək və Məşğulluq" altsistemi işə salınıb.
Aktiv məşğulluq proqramları da daim genişlənir. Təkcə bu ilin 10 ayında Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi 500 minə yaxın şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Həmçinin son illər sosial xidmət və reabilitasiya sistemləri müasir tələblərə uyğun qurulub, bu sahədə xidmətlərin əhatə dairəsi dəfələrlə genişləndirilib.
Yeri gəlmişkən bildirim ki, son illər ölkəmizdə aparılan sosial islahatlar, əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan tətbiq innovativ həllər və rəqəmsal xidmətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilərək, 250-ə yaxın beynəlxalq mükafat və sertifikata layiq görülüb.
-Qadınların əmək bazarında iştirakının artırılması və gender bərabərliyinin təmin olunması məqsədilə hansı tədbirlər görülür?
-Ölkəmizdə əmək və məşğulluq sahəsində də gender bərabərliyi təmin edilir. Əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Ayrı-seçkiliyə yol verən işəgötürən qanunla məsuliyyət daşıyır.
Qadınların məşğulluğunun təminatı sahəsində də mühüm addımlar atılır. Məsələn, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təkcə ötən il 55 mindən çox qadının məşğulluğu təmin edilib, 110 minə yaxın qadın peşə hazırlığına cəlb olunub, 7400 qadın üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.
Qadınların məşğulluğuna dəstək məqsədilə son illərdə bir sıra layihələr də icra olunub. Məsələn, son iki ildə icra olunan “Qadına bir addım” layihəsi üzrə Bakı və Sumqayıt şəhərlərində qadınlara iş mühitinə adaptasiya olmaları yönündə psixoloji dəstək göstərilib, daha sonra isə aktiv məşğulluq tədbirlərinə cəlb ediliblər. “Sosial müəssisələr” layihəsi çərçivəsində isə iki yeni sosial sahibkarlıq müəssisəsi yaradılaraq orada bir qrup qadının məşğulluğu təmin edilib. “Tənha anaların sosial inkişafına dəstək”, “Birgə və Sağlam”, “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “Kitab bağı”, “Ümid atelye”, “Məktəbim” kimi layihələr də qadınların əmək bazarına çıxışının dəstəklənməsi məqsədi daşıyıb.
Həmçinin qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün son illər qanunvericilikdə bir sıra dəyişikliklər də edilib. Bu islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycanın indeksi 78,8-dən təqribən 7 faiz artaraq 85-ə yüksəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin Yaz iclasında da qadın əməyi ilə bağlı uğurlu islahat təcrübəsi olan üç ölkədən bəhs edilib və onların sırasında Azərbaycan da qeyd olunaraq, ölkəmizdə qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatların nümunəvi olduğu diqqətə çatdırılıb.
-Pensiya sistemində son illər tətbiq olunan yeni mexanizmlər barədə məlumat verərdiniz?
-1 milyon 100 minədək vətəndaşı əhatə edən pensiyaların artımı hər bir islahat paketinin tərkib hissəsi olub. Yəni, elə bir islahat paketi olmayıb ki, minimum pensiyada artım baş verməsin. Digər tərəfdən, hər ilin əvvəlində bütün pensiyaların indeksasiya əsasında artımı da həyata keçirilir. 2018-2025-ci illərdə minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə artım olub. Onu da qeyd edim ki, həmin dövrdə pensiya ödənişlərinə ayrılan illik vəsait 2 dəfə artaraq 7,2 mlrd. manatı ötüb.
2026-cı il üçün də pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsait cari ilin təsdiqlənmiş xərclərinə nisbətən 782,4 milyon manat, yəni 10,9 faiz artımla nəzərdə tutulub. Proqnoz göstəricilərə əsasən, gələn il də pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması gözlənilir. Bu da onu göstərir ki, pensiyalarda artım növbəti ildə də davam edəcək və gələn il pensiyaların orta aylıq məbləğinin 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
Pensiya sistemində son illər tətbiq olunan yeni mexanizmlər isə humanist yanaşmalar əsasında bu sistemə əlçatanlığın və pensiya təminatının əhatə dairəsinin daha da artmasına imkan verib.
Məsələn, 2019-cu ilin əvvəlindən reallaşdırılan islahat vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazandırır. Həmçinin təkcə son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib.
Ümumilikdə, qanunvericilikdə daha erkən dövrdə pensiyaya çıxmaq hüququ olan kateqoriyaların sırası son illər əhəmiyyətli dərəcədə genişləndirilib. Qeyd edilənlərlə yanaşı, şəxsin iki və daha çox pensiya növünə hüququ yarandıqda, ona elektron sistem üzərindən, proaktiv qaydada daha yüksək olan pensiya növü təyin edilir. Artıq onun bundan ötrü sənədlər toplayıb müraciət etməsinə ehtiyac qalmır.
Bütün bunlar pensiyaçıların mənafelərinə, onların sosial müdafiəsinə xidmət edən tədbirlərdir.
-Ünvanlı dövlət sosial yardım sistemində şəffaflıq, ədalət və ictimai nəzarət prinsipləri necə təmin olunur?
-İlk növbədə bildirim ki, son illər aparılan ardıcıl sosial islahatlar ünvanlı dövlət sosial yardımında da ciddi artımlara imkan verib. Bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2018-2025-ci illərdə 2,5 dəfə artıb və bu gün 428 manatdır.
Ünvanlı sosial yardım sistemi tam elektron infrastruktur üzərində qurulub və ünvanlı yardım üçün müraciətin edilməsi, müraciətə baxılaraq qərar verilməsi prosesləri e-qaydada həyata keçirilir, sosial yardım təyinatları e-sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan, şəffaf şəkildə aparılır.
Son illər həm ünvanlı sosial yardımın təyinat şərtlərinin yumşaldılması, həm də “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla yardım üçün müraciət prosedurunun sadələşdirilməsi nəticə etibarilə ünvanlı sosial yardım proqramına əlçatanlığın artırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib.
Məsələn, ailənin götürdüyü kredit ünvanlı sosial yardım təyinatına artıq maneə yaratmır. Yaxud müraciət edən ailənin adambaşına düşən kommunal-rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, son illər bu nisbət 15 faizə çatdırılıb və s. Eyni zamanda, yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti və s. məlumatları qeyd etmələri tələb olunmur. Bu məlumatlar e-sistemlərdəki məlumat bazalarından əldə edilir.
Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır.
Təbii ki, digər sosial proqramlarda olduğu kimi, ünvanlı sosial yardım proqramının icrası prosesinə də ictimai nəzarət imkanları yaradılıb. Ünvanlı sosial yardım alan vətəndaşları siyahıları Nazirliyin sosial.gov.az saytının “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsində təqdim edilir.
-Əlilliyi olan şəxslərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası üçün hansı addımlar atılır?
-Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, bununla yanaşı, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir. 2018-2025-ci illərdə bu sosial ödənişlərin də ardıcıl olaraq artırılması təmin olunub və müavinət və təqaüd ödənişləri 5 dəfə artıb. Həmçinin ötən dövrdə Nazirlik tərəfindən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800 avtomobil verilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişafında mühüm rola malikdir. Ötən dövrdə burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət 850-dək benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb.
Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi üçün Regional İnformasiya mərkəzləri də açılıb.
Son illər əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurularaq şəbəkəsi genişləndirilib, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 10 dəfədən çox, verilən reabilitasiya vasitələrinin illik sayı isə 3 dəfədən çox artıb. Mühüm addımlardan biri kimi, ölkəmizdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir və tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Qeyd edilənlərlə yanaşı, əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədinə xidmət edən layihələr, habelə onların bacarıq və qabiliyyətlərinin üzə çıxarılaraq cəmiyyətə tanıdılması üçün tədbirlər, müxtəlif sərgilər də keçirilir.
-Növbəti sualımız özünüməşğulluq proqramı ilə bağlıdır. İndiyədək nə qədər işsiz və işxataran şəxs bu proqrama cəlb olunub? Gələn il nə qədər insanın bu proqramla əhatə edilməsi gözlənilir?
- Cənab Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı son illərdə təqribən 15 dəfə artırılıb. Cari ilin 10 ayında da daha 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Bu proqram mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləyir, işsiz və işaxtaran şəxslərə nəinki məşğulluq, həm də dövlətin dəstəyi ilə kənd təsərrüfatı, istehsal və xidmət yönümlü kiçik təsərrüfat sahibi olmaq imkanı qazandırır. İndiyədək 112 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Proqram çərçivəsində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərə əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır. Ötən dövrdə 3800 nəfərdən çox şəhid ailəsi üzvü və 10 min nəfərdən çox müharibə iştirakçısı özünüməşğulluq proqramı ilə əhatə olunub.
Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən də artıq 556 nəfərə də özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilərək onlar üçün kiçik bizneslər yaradılıb.
Nazirliyimiz tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə 2020-ci ildən “Məşğulluğa Dəstək Layihəsi” icra olunur. Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan bu Layihə üzrə də şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərdən ibarət 25 mindən artıq şəxs aktivlərlə təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurub. Gələn il isə ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
-Sosial sahədə xidmətlər infrastrukturunun bölgələr üzrə genişləndirilməsi və xidmətlərə çıxış imkanlarının artırılması üçün hansı işlər görülür?
-Bu sahədə bizim əsas prioritetlərimizdən biri DOST mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsidir. Bizim ilk DOST Mərkəzimiz 2019-cu ilin may ayında Bakıda açılıb. Ötən dövrdə 7 Regional DOST Mərkəzimiz açılıb ki, onlardan 5-i Bakıda, 1-i Abşeron rayonundadır. Digər 1-i isə Qarabağ Regional DOST Mərkəzidir. Bu Mərkəz Bərdədə yerləşir və 10 rayon və şəhər üzrə sakinləri DOST xidmətləri ilə təmin edir. DOST mərkəzləri şəbəkəsinin işğaldan azad edilmiş ərazilərimizdə də qurulması üçün önəmli addımlar atılır. Şuşada DOST filialı, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Kəlbəcərdə 1 DOST məntəqəsi də xidmət göstərir.
Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST Mərkəzinin, 55 DOST filialının yaradılması nəzərdə tutulur.
Son illər Qəbələ və Şəmkirdə yeni reabilitasiya mərkəzləri inşa olunaraq istifadəyə verilib. Bu gün Bakı və Sumqayıtla yanaşı, Naxçıvan, Lənkəran, Xaçmaz, Naftalan, Şəki, Şirvan, Qəbələ, Şəmkir Yevlaxda da reabilitasiya müəssisələri, Bərdədə “RehaPoint” – Reabilitasiya Məntəqəsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı və Bərdədə filialları da fəaliyyət göstərir.
Sosial xidmətlər infrastrukturu bölgələr üzrə genişləndirilərək, yeni sosial xidmət, sosial reabilitasiya mərkəzləri, demək olar ki, bütün bölgələr üzrə həssas qruplardan olan uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılıb. Həmin müəssisələr regionlarda yaşayan əhalinin sosial xidmətlərə əlçatanlığını daha da artırıb və bu istiqamətdə işlər davam etdirilir.
Yaqut Ağaşahqızı, “İki sahil”