19 noyabr 2025 02:48
100

Pentaqonun çağırışı reallaşa bilərmi?

Bu günlərdə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Ermənistan və Azərbaycan arasında 30 illik düşmənçiliyə faktiki olaraq son qoyulduğunu, iki ölkə arasında münasibətlərin artıq normal olduğunu əsas gətirərək Konqresi Azərbaycan əleyhinə olan “907-ci düzəliş”i tamamilə ləğv etməyə çağırıb. Şübhəsiz, bu, heç də asan məsələ deyil. Belə ki, onun tam qüvvədən salınması üçün Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatası yeni qanun layihəsini təsdiqləməlidir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 1992-ci ildə ABŞ Konqresi rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə gətirərək erməni lobbisinin təsiri altında ölkəmizə dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi: “Halbuki bu düzəlişin qəbuluna qədər Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi. Həmçinin Xocalıda, Qaradağlıda və digər işğal etdiyi ərazilərimizdə dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləri həyata keçirilmişdi. On minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdü. Amma erməni lobbisinin ələ aldığları ABŞ siyasətçiləri bu həqiqətləri görməzdən gəldilər və Azərbaycana qarşı tarixi ədalətsizlik olundu. Şübhəsiz, ölkəmizə qarşı belə bir ədalətsiz qərarın qəbulunda məqsəd Azərbaycanı zəiflətmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi.

11 sentyabr 2001-ci il hadisələrindən sonra Buş administrasiyasının Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə və Azərbaycan bu dəstəyi verdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılsa da, Bayden-Blinken administrasiyası erməni lobbisinin təşəbbüsü ilə bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı. Amma bu il avqustun 8-də Prezident İlham Əliyev ilə onun amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlıq sayəsində Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoyuldu. Belə ki, “907-ci düzəliş” Donald Trampın Ağ Evə qayıdışı ilə daha bir il müddətinə donduruldu. Şübhəsiz, bu, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə olan ehtiram və etimadının təcəssümü idi. Bu mənada həmin çağırışın Prezident İlham Əliyevin iştirakı ilə Vaşinqtonda baş tutan üçtərəfli görüşdən sonra səsləndirilməsi heç də təsadüfi deyil”.

X. Bəşirov, həmçinin bildirdi ki, bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanın xarici dəstəyə, yaxud yardıma ehtiyacı yoxdur: “Belə ki, müstəqilliyinin ilk illərində bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün möhtac dövlətlərə humanitar yardımlar göstərən donor dövlətdir. Artıq ölkəmiz böhranlı vəziyyətlərlə üzləşən dövlətlərə mütəmadi olaraq yardım əlini uzadır. Onu da qeyd edək ki, çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”.

 Xəyal Bəşirov daha sonra qeyd etdi ki, hazırda Amerika-Azərbaycan münasibətləri demək olar ki, yeni mərhələyə qədəm qoyub: “Bu il 8 avqustda rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Halbuki ABŞ münaqişənin davam etdiyi 30 il ərzində tərəflərin sülhə gəlməsi üçün heç bir iş görməmişdir. Həm də Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-a səfəri əsnasında Amerika-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər Birləşmiş Ştatlarla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Bütün bunlar o deməkdir ki, bu gün Donald Tramp administrasiyası ölkəmizlə əlaqələri daha da möhkəmləndirməkdə maraqlıdır. Unutmayaq ki, Azərbaycan bu gün geosiyasi baxımdan həm Cənubi Qafqazda, həm də Avrasiya nəqliyyat arteriyalarında əsas keçid nöqtəsinə çevrilib. Orta Dəhliz, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) və digər təşəbbüslər məhz Bakının fəal iştirakına söykənir. Bu mənada demək olar ki, 907-ci düzəlişin ləğvi həm də Amerika üçün faydalıdır.  Bir məsələni də vurğulayaq ki, hazırda respublikaçılar Konqresdə sayca üstünlük təşkil edirlər. Məsələyə bu aspektdən yanaşsaq, problem erməni lobbisinin hay-küyünə baxmayaraq, Trampın hakimiyyətdə olduğu dönəmdə həllini tapa bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”