20 noyabr 2025 00:14
81

Paşinyanın Vaqarşapat uğuru: Katolikosa və revanşistlərə ağır zərbə

Erməni kilsəsi ilə bağlı mövqeyinin qəti və dəyişməz olduğunu nümayiş etdirən baş nazir Nikol Paşinyan bir müddət əvvəl ölkə parlamentində keçirilən “Hökumət saatı”ndakı çıxışında bir daha bildirmişdi ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq.

N.Paşinyan bundan əvvəl də  katolikosu və erməni kilsəsini bir neçə dəfə hədəfə almışdı. O, bir müddət əvvəl bildirmişdi ki, erməni kilsəsi “zibillə dolu şakaflara” bənzəyir. Paşinyan, həmçinin subaylıq andını pozan keşişlərin kilsədən qovulmasını tələb etmişdi. Baş nazirin həyat yoldaşı Anna Akopyan, öz növbəsində, patriarxı “əsas mafioz” və “ölkənin əsas pedofilləri” adlandırmışdı. Bundan sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovvanisyanın “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələməsi isə hökumətlə kilsə arasında münasibətləri daha da gərginləşdirmişdi.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası Eçmiədzin kilsəsinin də yerləşdiyi Vaqarşapatdakı bələdiyyə seçkilərində qalib gəlib. Rəsmi məlumata görə, qalib qüvvə böyüdülmüş icma rəhbərliyində 33 yerdən 19-nu qazanmaqla yerli hökuməti təkbaşına formalaşdıra biləcək. Noyabrın 16-da keçirilən seçkilərdə ənənəvi radikal-revanşist müxalifət çox az sayda səs alıb. Ancaq daşnaklar istisna olmaqla. Maraqlıdır ki, onlar “İrəli” partiyası ilə koalisiyada səslərin 31.9 faizini əldə edib 2-ci yeri tutublar. Bununla da hakim “Vətəndaş müqaviləsi” Partiyası Gümrüdəki uğursuzluğun əvəzini çıxa bilib. Hərçənd, Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə də Paşinyan partiyası qalib gəlmişdi, lakin təkbaşına yerli hökuməti qura bilmədiyi üçün müxalif fraksiyalar birləşərək ötən ay korrupsiya ittihamı ilə həbs olunan ruspərəst Vardan Qukasyanı mer seçmişdilər.

Təbii ki, Paşinyan Vaqarşapat uğuru ilə mövqelərini möhkəmləndirəcək və daha inamlı olacaq. Təsadüfi deyil ki, Paşinyan sosial şəbəkədəki hesabında bu qələbəni böyük sevinclə qarşılayıb: “Siz bununla “Vətəndaş Müqaviləsi” Partiyasının dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı gücləndirmək strategiyasına sarsılmaz dəstək verdiniz. Səsinizlə müqəddəs məkanımız olan Eçmiədzin Ana Taxtının Ktriç Nersisyandan (II Qaregin) azad edilməsinə əhəmiyyətli təkan verdiniz. Argişti Mekhakyanı Vağarşapat icmasının genişləndirilmiş rəhbəri seçilməsi münasibətilə təbrik edirəm. Vaqarşapat sakinlərini təvazökar, lakin effektiv bir administrator olan Mekhakyanın seçilməsi münasibətilə təbrik edirəm. “Vətəndaş Müqaviləsi” Partiyasından olan bütün həmkarlarımı və Ermənistan Respublikasının bütün vətəndaşlarını 2026-cı il seçkiləri öncəsi bu möhtəşəm müqəddimə münasibətilə təbrik edirəm. Ermənistan xalqı parlament seçkilərində qalib gələcək”.

N.PaşinyanVaqarşapat qələbəsi ilə təkcə katalikosa deyil, revanşistlərə ağır zərbə vurmuş oldu. Belə ki, bir müddət əvvəl məlum olmuşdu ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kimi Rusiya yönümlü qüvvələr hakimiyyət ilə erməni kilsəsi arasındakı qarşıdurmalardan istifadə edərək, Paşinyanın devrilməsi üçün planlar hazırlayırlar. Məsələ ilə bağlı Serj Sarkisyan bildirib ki, hakimiyyəti dəyişmək gündəmimizdə daim olub, bu gün də var: “Bunu etməyin düzgün və optimal yolu hökumətə, baş nazirə etimadsızlıq göstərməkdir, yəni impiçmentdir. İndi isə, sizcə, həbsxanalar dolmayıb? Ermənistan Respublikasının tarixində heç vaxt bu qədər siyasi məhbus olmayıb. Və hər şey eyni ruhda davam edərsə, bu rəqəm təbii olaraq artacaq. Təbii ki, narahatlıqlar var, lakin daimi qorxu içində yaşamaq çıxış yolu deyil”.

Ekspertlərə görə, Paşinyan kilsə ilə getdikcə kəskinləşən münasibətləri fonunda mövqelərini gücləndirəcək. II Qareginə ağır zərbə endirmək əslində Ermənistanın mənəvi paytaxtına daha inamlı nəzarət imkanı deməkdir. Baş nazir 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər bu istiqamətdə dah ciddi addımlar atacaq. Belə ki, Paşinyan seçicilərə minnətdarlıq məktubunda Vaqarşapat qələbəsini 2026-cı il seçkiləri öncəsi möhtəşəm müqəddimə adlandırıb. Qalanını zaman göstərəcək…

Zahid Rza, “İki sahil”