Şose yolla Hacıqabul rayonunun yanından ötüb Şirvan şəhərinə və Aran bölgəsinə aparan yolların lap yaxınlığından keçəndə sərnişinlər istər-istəməz dönüb zümrüdə bənzəyən gölə tamaşa edərdilər. Gölün gözəlliyi öz yerində, başqa bir yaraşığı orada üzən quşların səs-küy salaraq dəstə-dəstə uçmaları, ov axtarmaları, ora-bura vurnuxmaları, bunlarla bərabər, öz təhlükəsizlikərini də hər an nəzarətdə saxlamaları idi. Çöl quşları-ördəklər, qaşqaldaqlar (anqutlar), qaranquşlar, sərçələr, leyləklər gölün gözəlliyini bir az da artırırdılar.
Təəssüf ki, keçən iki il müddətində zümrüd gözlü göldəki bu həyatdan əsər-əlamət qalmayıb, suyu sürətlə azalaraq quruyub, gölü üzük qaşı kimi qoynuna alan yaşıllıqlar susuzluqdan yanıb, yatağnın torpağı cadar-cadar olub. Gölün şəraitsizliyə davam gətirə bilməyən qanadlı “qonaqları” perik düşüb. Sanki burada heç yerli-dibli göl və onun “sakinləri” olmayıb.
Qısaca desək, həmişə köçəri quşların uçub gəldiyi, ovçuların və turistlərin ən çox üz tutduğu məşhur Hacıqabul gölü demək olar ki, tamamilə quruyub. Çox üzücü bir səhnə yaranıb. Ancaq bunun müəyyən səbəbləri var.
Gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, illər əvvəl bu ərazi həm turizm, həm həvəskar ovçuluq, həm də təbiətin qoynunda mənalı istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir quruyub sıradan çıxmaqda idi. Nəhayət, iş o yerə çatıb ki, gölün ərazisi tamamilə quruyub və hazırda qurumuş ərazidə yabanı otlar bitməyə başlayıb. Canlı aləmin bir qismi məhv olub, digər qismi isə buradan köçərək uzaqlara gedib.
Təcrübəli ekoloqların sözlərinə görə, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə, orada yaşamış həşərat və heyvanat aləminə də ciddi təsir göstərir, onların ətrafa dağılmasına səbəb olur. Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı, çayın suyu göldə səviyyənin aşağı düşməsinin qarşısını alırdı. Lakin son illər qlobal iqlim dəyişikliyi bu gölə də ciddi təsir edib. Ehtimala görə, gölün qurumasına səbəb təkcə su çatışmazlığı deyil. Son illər hər yerdə yeraltı tektonik dəyişikliklər, zəlzələlər, torpaq sürüşmələri vaxtaşırı baş verdiyindən axan sular məcrasını dəyişir və ya qrunt sularla əvəzlənir. Həm də təkcə burada deyil, hətta dəniz səviyyəsindən min metrlərlə yüksək dağlıq ərazilərdə belə kiçik çaylar və bulaqlar quruyur, ya da məcrasını dəyişir. Dediyimiz kimi, təəssüf ki, belə acınacaqlı hala artıq ölkəmizin dağlı-aranlı bir çox bölgələrində rast gəlmək olar. Amma Hacıqabul gölü hamının gözü qarşısında məhv olub sıradan çıxmaq təhlükəsi altındadır. Bu təhlükə ölkə ictimaiyyətinin də diqqətini özünə çəkib.
Ona görə də aidiyyəti təşkilatların iştirakı ilə gölün əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən hazırlıq işlərinin aparılmasına başlanılıb. Hazırda mütəxəssislər tərəfindən su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə davam edir.
Mütəxəssislər bildirirlər ki, həyata keçirilən tədbirlər uğurla başa çatarsa, gələcəkdə göldə minimum səviyyədə də olsa suyun geri qayıtması və saxlanması mümkün ola bilər. Əgər bu variant baş tutmasa, onda gölün suyunun bərpa olunması üçün onun yatağı hansısa daimi su mənbəyinə birləşdirilməlidir. Bundan başqa, ola bilər ki, məxsusi göl üçün bir neçə subartezian quyusu qazılıb suları oraya yığılsın, bitkilərin və canlıların yaşaması üçün lazımi şərait yaradılsın. Bütün söylədiklərimizdən belə qənaətə gəlmək olur ki, Hacıqabul gölünün bərpası mümkündür. Bununla da da yenə təbiətin bizlərə bəxş etdiyi gözəlliyi yenidən görə, buradakı zəngin bitki və canlı aləmin seyrinə çıxa biləcəyik.
Vəli İlyasov, “İki sahil”