20 noyabr 2025 13:19
123

Türkiyə COP31-ə ev sahibliyi edəcək

Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada keçiriləcək.

İqlim sammitinin yeri Avstraliyanın Baş naziri Entoni Albanesenin Kanberranın COP31-ə ev sahibliyi etmək üçün müraciətini geri götürməsini açıqlamasından sonra müəyyən edilib.

Avstraliyanın Baş naziri Türkiyədə keçiriləcək qarşıdan gələn COP31 müzakirələrində ölkəsini iqlim dəyişikliyi naziri Kris Bouenin təmsil edəcəyini də bildirib.

“Razılaşmaya əsasən, Kris Bouen COP31-ə sədrlik edəcək və konfransa ev sahibliyi etmək hüququ Türkiyəyə verilib. COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq”, - deyə Albanese bildirib. Avstraliyanın Baş naziri COP31-ə ev sahibliyi etmək barədə razılaşmanı “Avstraliya və Türkiyə üçün böyük nailiyyət” adlandırıb.