Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov dövlət büdcəsinin xərc istiqamətlərinə toxunaraq "İki sahil"ə bildirib ki, sosialyönlü xərclər 2026-cı ildə də əsas prioritetlər sırasında olacaq. Belə ki, sosialyönlü xərclər 17,1 milyard manat olmaqla dövlət büdcəsinin 41 faizini təşkil edəcək. Bu göstərici növbəti ilin dövlət büdcəsinin sosialyönlü olduğunu deməyə əsas verir. Gələn il təkcə təhsil və elm xərclərinə 5,2 milyard manat, səhiyyə xərcləri üçün isə 2 milyard manat nəzərdə tutulur.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 milyard manat və ya ÜDM-in 2,3 faizi səviyyəsində proqnozlaşdırılır. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan ÜDM-ə nisbətdə 31,1 faiz və gəlirləri 28,8 faiz təşkil edəcək.
2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,2 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür. Dövlət büdcəsi gəlirlərinin 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
2026-cı il üçün icmal büdcənin əsas göstəricilərinə gəldikdə, növbəti il üçün icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,8 milyard manat məbləğində proqnozlaşdırılır.
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindəndir. Növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur.
Orxan Sadıqov qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramının maliyyə təminatı durur və azad edilmiş ərazilərdə quruculuq işləri, habelə insanların öz doğma yurdlarına qayıdışı əsas prioritetlərdəndir. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpasına 3,5 milyard manat nəzərdə tutulub.
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
YAP Bərdə rayon təşkilatının kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
MM yaşayış minimumu və ehtiyac meyarının 300 manat olmasını I oxunuşda qəbul edib