21 noyabr 2025 11:02
64

Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri "ASAN xidmət"də

Ruanda Respublikasının İKT və innovasiya üzrə dövlət naziri, həmçinin Zimbabve Respublikasının dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Ruanda tərəfi ilə görüş zamanı bu ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.

Bu çərçivədə Ruandada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya qiymətləndirmə səfərinin təşkilinə dair razılığa gəlinib.

Zimbabve tərəfi ilə görüş zamanı isə ötən ilin noyabr ayında Zimbabve Prezidentinin ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət etməsi məmnunluqla xatırlanıb. Qarşı tərəf “ASAN xidmət” konsepsiyasının tətbiqi istiqamətində Anlaşma Memorandumunun qısa zamanda imzalanmasına dair təşəbbüslə çıxış edib. Bununla yanaşı, nümayəndə heyəti “ASAN xidmət indeksi”nin öyrənilməsində maraqlı olduğunu bildirib.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.