21 noyabr 2025 14:20
437

Otuzdan çox ölkə COP30 Sədrliyinin qarşısında tələblə çıxış edib

Fransa da daxil olmaqla, 30-dan çox ölkə COP30 Sədrliyinə məktub ünvanlayaraq, konfransın yekun sənədinin yenidən işlənməsini və fosil yanacaqlardan çıxış üçün ədalətli, ardıcıl və bərabər keçidi təmin edən konkret “yol xəritəsi”nin mətnə salınmasını tələb edib.

“İki sahil” AFP-yə istinadla xəbər verir ki, COP30-un sədri, braziliyalı diplomat Andre Korrea do Laqo konsensus tələb edən danışıqlarda təxminən 200 ölkənin təzyiqi altında qalıb. Onun təqdim etdiyi son layihədə fosil yanacaqlardan söz açılmaması bir çox ölkə üçün qəbuledilməz sayılıb.

“Mövcud təklif bizi dərin narahat edir. Sizə açıq deməliyik: bu sənəd hazırkı formada COP üçün etibarlı nəticə üçün minimal şərtləri belə, təmin etmir”, - deyə məktubda bildirilib. Vurğulanıb ki, fosil yanacaqlardan çıxış üçün ədalətli, nizamlı və bərabər keçidi təmin edən “yol xəritəsi” olmayan mətni dəstəkləyə bilməzlər.

Qeyd edək ki, neft, kömür və qazdan imtina məsələsi COP30-da əsas mövzuya çevrilib. Halbuki 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra bu mövzunun yenidən gündəmə gəlməsi çətin görünürdü. Braziliya Prezidenti Lula da Silva da əvvəldən bu keçidin sürətləndirilməsi üçün “yol xəritəsi”nin zəruriliyini diqqətə çatdırıb.

Konfransın yekun sənədində fosil yanacaqların qeyd olunmaması, həm inkişaf etmiş, həm də həssas ada dövlətlərinin etirazına səbəb olub. Kompromis əldə olunmasa, COP30-un nəticəsinin sual altına düşə biləcəyi bildirilir.