21 noyabr 2025 15:23
117

Kürdəmirdə YAP-ın yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının  “Heydər Əliyev prospekti məhəllə 3 bina 47 A” ərazi partiya təşkilatı üzrə partiya üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.  Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının məsləhətçiləri Məhəmməd Heydərli və Nurlan Şəfiyev iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan “Heydər Əliyev prospekti məhəllə 3 bina 47 A” ərazi partiya təşkilatının sədri, Kürdəmir Rayon Psixiatriya Xəstəxanasının baş həkimi  Mahir Mirzəyev  iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 33 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir - birindən əhəmiyyətli uğurlara imza atmışdır. Partiyanın yaradılmasından ötən 33 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır . O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı Ümummilli Liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən Ulu Öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası idi. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.  

Çıxış edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli,  “Heydər Əliyev prospekti məhəllə 3 bina 47 A” ərazi partiya təşkilatının sədr müavini Vüsal Məmmədli partiyanın yaranmasının 33-cü ildönümü  münasibətilə tədbir iştirakçılarını təbrik edərək Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir. Sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.