Bu başlıqlı tədbir Astara rayonunun Əzərüd kəndində bütün Azərbaycan xalqının qürur yeri olan şəhid Pəncəli Teymurovun ev muzeyində baş tutdu. Ölkə rəhbəri İlham Əliyev tərəfindən ölümsüzlüyə qovuşan Vətən oğluna “Milli Qəhrəman” adı verilməsi münasibətilə keçirilən tədbirin təşkilatçıları isə Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyi və Lənkəran şəhər R. Məmmədov adına 5 saylı tam orta məktəbi idi.
Tədbirdə millət vəkilləri, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran Dövlət Universitetinin müəllimləri, Lənkəran şəhər R. Məmmədov adına 5 saylı tam orta məktəbin direktoru və müəllim kollektivi, təhsil işçiləri, Astara rayon sakinləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Milli Qəhrəman, şəhid Pəncəli Teymurovun əbədi baş qoyduğu müqəddəs yer ziyarət olundu, sonra sinəsini Vətənə sipər edib canı, qanı bahasına onu yaşadan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan tədbirdə birinci çıxış edib şəhid Pəncəli Teymurovun qəhrəmanlığını, Vətən uğrunda göstərdiyi fədakarlığı böyük fəxrlə dilə gətirən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, həmçinin mərkəzin rəsm studiyasında Vətən sevdalının kətan üzərində çəkilmiş portretini ailəsinə hədiyyə etdi.
Millət vəkilləri Fariz İsmayılzadə, Anar İskəndərli, Rəşad Mahmudov, Vasıf Qafarov və Məşhur Məmmədov, Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Astara sakinləri, qazi və şəhid anaları, eləcə də bir sıra regional qurumların rəhbərləri söz alıb Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğuladılar, eyni zamanda ölkəmizdə Vətən uğrunda qəhrəmanlıq göstərib adını şanlı tariximizə yazan igidlərin xatirəsinin dövlət səviyyəsində daim uca tutulduğunu dedilər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru R. Sadıxovanın sözlərinə və bəstəkar Zəminə Taryelqızının musiqisinə bəstələnmiş “Heydər baba” mahnısı səslənən zaman könüllərə saf bir istək doldu. Eləcə bədii hissə ərzində oxunan şeirlər, ifa olunan musiqilər iştirakçılarda xoş ovqat yaratdı.
Şəhidin anası Vahimə xanım öz növbəsində çıxış edərək oğluna Milli Qəhrəman adı verilməsi münasibətilə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, şəhid ailələrinə göstərilən diqqət və qayğıya yüksək dəyər verdi.
Sonda Milli Qəhrəmanın ev muzeyi ziyarət olundu, xatirə şəkilləri çəkildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin, həmrəyliyimizin təzahürü