Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Ukrayna və Rusiyanı imzalamağa çağırdığı 28 bəndlik sülh planı rəsmi Kiyev tərəfindən qəbuledilməz hesab edilir. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski də xalqa müraciət edərək bildirib ki, indi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər. Ukrayna ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski ilə üz-üzədir.
“İki sahil” xəbər verir ki, Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko AZƏRTAC-a açıqlamasında bu sülh planının beynəlxalq hüquq prinsiplərinə tam zidd olduğunu deyib. “Donald Trampın Ukrayna münaqişəsinin tənzimlənməsinə dair təqdim etdiyi sülh planı Ukrayna üçün qətiyyən qəbuledilməzdir. Ukrayna artıq bundan imtina edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski də fikrini bildirib. Ukrayna üçün qırmızı xətti keçən bəndləri qəbul edə bilmərik. İşğal olunmuş əraziləri Rusiya torpaqları kimi tanımaq mümkün deyil, bu, təkcə Ukrayna Konstitusiyasının deyil, ümumilikdə ölkənin ərazi bütövlüyü və suverenliyini qorunmasına dair beynəlxalq hüquq prinsiplərinin pozulması deməkdir. Bu, Vestfaliya sisteminin köklü şəkildə pozulmasıdır. Vestfaliya sülhünə və sisteminə görə beynəlxalq hüquqa əsasən bir ölkə digər ölkənin daxili işinə qarışa və ərazi bütövlüyünü, sərhədini poza bilməz. Bu baxımdan Donald Trampın sülh planı beynəlxalq sistemi, o cümlədən Amerika Birləşmiş Ştatlarının hüquq təməlini silkələyir və pozur”, - deyə siyasi ekspert əlavə edib.
Aleksandr Kovalenko hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşdırılmadan təqdim olunan kapitulyasiya sülh planını dövlət başçısı və Ukrayna xalqı necə qəbul edə bilər? “Donald Tramp özünün isti “Oval” kabinetində müxtəlif variantlarda sülh planı yaza bilər. Ancaq bu, o demək deyil ki, Ukrayna Prezidenti və xalqı bu sülh planı ilə razılaşmalıdır. Bütün bunlara rəğmən Ukraynada müharibə davam edəcək. Ağ Evdəki mühit onu göstərir ki, dünyada sülh bərqərar olmayacaq. Əksinə, bu mühit katalizator rolunu oynadıqca dünyada müharibələr davam edəcək”, - deyə ukraynalı ekspert bildirib.
Xatırladaq ki, ABŞ-ın yeni sülh planında Donbas, Luqansk və Krım ərazilərinin Rusiyanın ərazisi kimi tanınması, Ukrayna ordusunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina və digər ağır şərtlər əksini tapıb.