Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-ın hazırladığı plan üzərində iş uzun müddət ABŞ administrasiyasının əsas fiqurlarının iştirakı olmadan aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, plan “müəyyən qurumlararası iştirak olmadan” hazırlanıb və ABŞ-ın əsas rəsmiləri son ana qədər bu barədə məlumatlandırılmayıb.
Agentliyin mənbələri qeyd ediblər ki, ABŞ-ın Dövlət katibi Marko Rubio da planın hazırlanmasında iştirak etməyib. İddiaya görə, sənədin formalaşdırılmasında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak ediblər.
Məzmunu Qərb mediasına sızdırılmış plana əsasən, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın verməyə məcbur olacağı digər ərazilər üzərində suverenliyini tanıması tələb olunacaq. Bunun qarşılığında Kiyev ABŞ və Avropadan təhlükəsizlik təminatları əldə edəcək. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılmalıdır.