Avropa İttifaqı, Ukrayna və Kanada ukraynalı uşaqların geri qaytarılması üzrə beynəlxalq koalisiyanın sammitini təşkil edəcəklər ki, bu, qlobal gündəlikdə birinci dərəcəli məsələ olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ABŞ-nin Rusiya‑Ukrayna müharibəsi üzrə sülh planı ətrafında Cenevrədə başlayan danışıqlar fonunda bəyan edib.
"Rusiya müharibəsinin yaratdığı bütün dəhşətlər arasında heç biri bu qədər dərindən təsir etmir. On minlərlə uşaq hələ də Rusiya əsirliyindədir. Biz onların hər birinin öz evlərinə, ailələrinin yanına qayıdana qədər sakitləşməyəcəyik", – deyən AK rəhbəri vurğulayıb ki, bu məsələ sazişin əsas elementi olmalıdır.
Fon der Lyayen qeyd edib ki, hər hansı etibarlı və davamlı sülh planı, ilk növbədə, qətllərə və hərbi əməliyyatlara son qoymalı, gələcək münaqişələr üçün zəmin yaratmamalıdır.
O, davamlı sülhün üç elementini xüsusi vurğulayıb. Birincisi, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyü; ikincisi, Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlərin qoyulmaması – bu, Ukraynanı zəiflədir və Avropanın təhlükəsizliyini sarsıdır. Üçüncüsü, Ukraynada sülhün təmin olunmasında Avropa İttifaqının mərkəzi rolunun tanınmasıdır.
"Ukrayna Avropa yolunu seçib. Bu, ölkənin bərpası, vahid bazarımıza və müdafiə sənaye bazasına inteqrasiya ilə başlayır və nəticədə Avropa İttifaqına qoşulmaqla tamamlanır", – deyə AK rəhbəri əlavə edib.
Fon der Lyayen yekunda bildirib ki, Avropa Ukrayna, üzv dövlətlər, "istəklilər koalisiyası" və ABŞ ilə birlikdə sülh yolunda real irəliləyiş əldə etmək üçün işini davam etdirəcək.
AK: Ukrayna ordusunun sayının azaldılması və ərazi güzəştlərinə yol verilməməlidir