"Fənərbağça" qış transfer pəncərəsi üçün bombardir axtarışını davam etdirir və klubun əsas hədəflərindən biri olan Robert Levandovski ilə ilk əlaqə artıq qurulub.
“İki sahil” xəbər verir ki, məlumatı jurnalist Süleyman Arat yayıb.
Əldə olunan məlumata görə, polşalı ulduza 1,5 illik müqavilə təklifi göndərilib. Lakin Levandovski bu variantı qəbul etməyib. 36 yaşlı hücumçunun daha uzunmüddətli layihə istədiyi, 2,5 illik müqavilə tələb etdiyi bildirilib.
Levandovski hazırda "Barselona" ilə müqavilə altında olsa da, bu mövsüm aldığı məhdud oynama vaxtı və komandanın yenilənmə planları səbəbilə ayrılığa açıq olduğu deyilir. O, La Liqada bu mövsüm bir neçə qol vursa da, əvvəlki illərə nisbətən performansı eniş göstərib. Buna baxmayaraq, təcrübəsi və hələ də yüksək səviyyəli bitiriciliyi ilə Avropanın bir çox klubunun diqqət mərkəzindədir.
"Fənərbağça"nın isə hücum xəttini gücləndirmək üçün dünya səviyyəli bir hücumçu istəyinə rəhbərliyin ciddi yanaşdığı bildirilib. Danışıqların davam edib-etməyəcəyi yaxın günlərdə aydınlaşacaq.