24 noyabr 2025 00:37
53

Belçika könüllü hərbi xidmətə başlayacaq

Belçika 2026-cı ilin sentyabrından etibarən milli müdafiəyə cəlb olunmanın yeni modelinə – könüllü hərbi xidmətə başlayacaq.

“İki sahil” xəbər verir ki, 18–25 yaşlı gənclərə açıq olacaq bu birillik proqram Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Bu, ölkədə siyasi müzakirələrə səbəb olub.

2025-ci il iyulun 16-da Parlamentin Müdafiə Komissiyasında proqramın əsas konturları açıqlanıb. Müdafiə naziri Teo Frankenin sözlərinə görə, gənclər tam ştatlı ehtiyatda olan hərbçi statusunda bir il xidmət edəcək. Onların yolu aktiv hərbçilərlə eyni olan 10 həftəlik baza hazırlığından başlayacaq. Daha sonra hərbi ehtiyaclara uyğun olaraq logistika, mühəndislik, kibermüdafiə və ya əməliyyat dəstəyi kimi sahələrdə ixtisaslaşma mərhələsi keçiriləcək. Təlimi başa vuran gənclər ordunun müxtəlif bölmələrində gündəlik fəaliyyətə töhfə verəcəklər.

Proqramın gündəlik rejimi barədə detallı məlumat hələ açıqlanmayıb. Nazirliyin sözçüsü Yan Van Kamp əlavə sualları cavablandırmaqdan imtina edib. Könüllülər üçün bu xidmət yalnız vətəndaşlıq borcu deyil, həm də gələcək karyeraya transfer oluna bilən hərbi və texniki bacarıqlar qazandıran ilk ciddi iş təcrübəsi kimi təqdim olunur. Xidmətdən sonra iştirakçılar təhsilə qayıda, mülki karyeraya başlaya və ya orduda xidmətə qəbul üçün müraciət edə biləcəklər.

Nazir qeyd edir ki, illərlə kadr çatışmazlığı yaşayan orduda ehtiyat qüvvələrin sayı 6600-dən 20 minə qədər artırılmalıdır. Artıq 3100-dən çox gənc məlumat sessiyalarına yazılıb. İlk 500 nəfərlik qrupun 2026-cı ilin yayının sonunda xidmətə başlaması gözlənilir.