NMS agentliyi tərəfindən “Çex Radiosu” üçün hazırlanan araşdırma göstərib ki, Çexiya əhalisinin böyük əksəriyyəti dövlət binalarında xarici ölkələrin bayraqlarının asılmasına skeptik yanaşır. Respondentlərin yetmiş faizindən çoxu belə təcrübənin əleyhinə çıxıb. Eyni zamanda, təxminən 40% rəsmi binalarda yalnız Çexiya bayrağının olmasını istəyir, daha bir hissə isə onun Avropa İttifaqının (Aİ) bayrağı ilə yanaşı dalğalanmasını məqbul hesab edir.
“İki sahil” xəbər verir ki, yayımlanan məlumatlar, faktiki olaraq, Deputatlar Palatasının yeni sədri Tomio Okamuranın binanın fasadından Ukrayna bayrağını çıxarmaq barədə vəzifəyə başlayar-başlamaz verdiyi qərarın əhali tərəfindən dəstəkləndiyini göstərir. Ukrayna bayrağı 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu başladıqdan sonra, həmin ölkəyə həmrəylik ifadəsi olaraq asılmışdı. Gedən hökumətin nümayəndələri Okamuranın addımını kəskin tənqid ediblər.
SPD və oktyabr seçkilərindən sonra yeni koalisiyanı formalaşdıran digər partiyaların tərəfdarları arasında yalnız Çexiya bayrağının dövlət binalarında dalğalanmalı olduğunu düşünənlərin üstünlük təşkil etdiyi bildirilir. NMS analitiki Tereza Fridrixovanın sözlərinə görə, SPD elektoratının təxminən 74%-i bu mövqedədir. ANO seçiciləri isə fikirlərə bölünüb: bir qismi yalnız milli bayrağı dəstəkləyir, digərləri isə onun Aİ bayrağı ilə yanaşı asılmasını qəbul edir, lakin demək olar ki, heç biri digər ölkələrin bayraqlarının qaldırılmasını istəmir. “Avtomobilçilər” partiyasının seçiciləri arasında da oxşar mənzərə müşahidə olunur. “Piratlar” və STAN hərəkatının tərəfdarları isə fərqli mövqedədir: bu seçicilərin əhəmiyyətli hissəsi həmrəylik məqsədilə digər ölkələrin bayraqlarının asılmasına müsbət yanaşır.
Sorğuda 13–17 noyabr 2025-ci il tarixlərində 1012 nəfər iştirak edib.