25 noyabr 2025 11:01
88

Səhiyyə infrastrukturunun müasirləşdirilməsi və xidmətin təkmilləşdirilməsi prioritetdir

Bu baxımdan Kliniki Tibbi Mərkəzdə idarəetmə prosesi daha operativ, xidmət keyfiyyəti  beynəlxalq standartlara daha yaxın səviyyəyə çatdırılıb

Səhiyyə sistemində müşahidə olunan müasir inkişaf tendensiyaları tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini, idarəetmədə innovativ yanaşmaların tətbiqini və elmi-texnoloji yeniliklərin praktikaya çevik inteqrasiyasını zəruri edir. Bu çərçivədə Kliniki Tibbi Mərkəz (KTM) fəaliyyətini davamlı olaraq təkmilləşdirir, xidmət fəlsəfəsini pasiyentyönümlü idarəetmə prinsiplərinə əsaslandırır və multidisiplinar strukturu ilə fərqlənərək qabaqcıl tibb müəssisələrindən birinə çevrilmişdir.

KTM-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmməd “İki sahil” qəzetinə müsahibəsində Mərkəzin hazırkı fəaliyyəti, tətbiq olunan yeniliklər, müasir idarəetmə modeli, kadr potensialının gücləndirilməsi və gələcək inkişaf strategiyaları barədə mühüm məqamlara aydınlıq gətirilir.

- Hazırda Kliniki Tibbi Mərkəzin əsas məqsədi və fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Paytaxtın tibb müəssisələri arasında ən ağır yükü qəbul edən səhiyyə ocaqlarından biri də məhz Kliniki Tibbi Mərkəzdir. Təsadüfi deyil ki, Kliniki Tibbi Mərkəz bu prosesin gedişatında önəmli yer tutmaqdadır.Tibb müəssisəsinin əsas fəaliyyət istiqaməti əhaliyə ixtisaslaşdırılmış tibbi yardım göstərmək, vətəndaşlara qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin tibbi-sanitariya yardımı göstərmək, elmi təbabətin və texnikanın nailiyyətləri əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək, fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməkdir.

- Son illərdə Mərkəzdə həyata keçirilən yeniliklər və tibbi texnologiyalar barədə nə deyə bilərsiniz?

- Səhiyyə infrastrukturunun müasirləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində TƏBİB-in atdığı mühüm addımlardan biri də elektron növbə sisteminin geniş tətbiqidir. Kliniki Tibbi Mərkəzdə də artıq əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçirilir. Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edirlər. Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir.

- Pasiyentlərin məmnunluğunu artırmaq üçün hansı tədbirlər görülür?

- Mərkəzdə müasir standartlara cavab verən layihələr işlənilir. Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Yaxın zamanlarda KTM-nin tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub. Tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır. Məsələn, 2023-cü ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində stasionara qəbul olunan 454 868 min pasiyentin 36 mindən çoxu bu Mərkəzdə tibbi xidmət alıb. Bu, təxminən 8% deməkdir. Eyni dövr ərzində ümumilikdə ölkə üzrə dövlət tibb müəssisələrində icra olunan 191 569 cərrahi əməliyyatın 15 959-u və ya 8,3%-i məhz Kliniki Tibbi Mərkəzin payına düşüb. Bura həm planlı, həm də təcili əməliyyatlar daxildir.

- Kadr potensialının gücləndirilməsi, gənc həkimlərin təcrübə qazanması istiqamətində hansı işlər aparılır?

- Bizim müəssisədə gənc həkimlərin inkişafına xüsusi diqqət yetirilir. Onlar üçün mütəmadi daxili təlimlər keçirilir. Həkimlərimiz yerli və beynəlxalq elmi tədbirlərdə iştirak etməyə cəlb olunurlar. Son zamanlarda Mərkəzimizdə gənc həkimlərin işə cəlb edilməsi istiqamətində işlər aparılır. Hazırda Kliniki Tibbi Mərkəzdə 40-a yaxın şöbə fəaliyyət göstərir və bu şöbələrin sayı gündən-günə artmaqdadır. Cari ilin sonuna qədər burada Angioqrafiya şöbəsinin yaradılması və növbəti ildən etibarən Ürək Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.

- Kliniki Tibbi Mərkəzdə səhiyyə sahəsində innovasiyaların (rəqəmsallaşma, süni intellekt, telemedicina və s.) tətbiqi barədə nə deyə bilərsiniz?

-Kliniki Tibbi Mərkəzdə innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində ardıcıl işlər aparılır. TƏBİB-in ümumi strategiyasına uyğun olaraq Mərkəzdə rəqəmsallaşma, elektron sənəd dövriyyəsi və informasiya texnologiyalarının tətbiqi mərhələli şəkildə həyata keçirilir. Bu çərçivədə elektron tibbi sənədləşmə və xəstə məlumat bazaları yaradılır, “kağızsız idarəetmə” prinsipi tətbiq olunur, elektron tibbi arayışlar və onlayn növbə sistemi vasitəsilə vətəndaşlara daha çevik və şəffaf xidmət göstərilir, telemedicina və süni intellekt əsaslı diaqnostika texnologiyalarının tətbiqi istiqamətində hazırlıq işləri aparılır. Bu tədbirlər nəticəsində Kliniki Tibbi Mərkəzdə idarəetmə prosesi daha operativ, pasiyent məlumatlarına çıxış daha təhlükəsiz və səmərəli, xidmət keyfiyyəti isə beynəlxalq standartlara daha yaxın səviyyəyə çatdırılıb.

- KTM-nin həkimlərinin beynəlxalq konqres və konfranslarda iştirakı Mərkəzin elmi-təcrübi potensialının inkişafına necə təsir göstərir?

- Kliniki Tibbi Mərkəzin həkimləri mütəmadi olaraq beynəlxalq konqres və konfranslarda çıxış edirək sertifikatla təltif olunublar. Belə ki, 2025-ci ildə İstanbul şəhərində Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin (ESGE) 34-cü illik elmi konqresində Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinin müdiri Qubaxanım Hacızadə, şöbənin həkim-ginekoloqları Şölə Səfərova və Leyla Rüstəmova, Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkil etdiyi 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransda isə mərkəzin radioloqları Leyla Qasımova, Gövhər Qasımzadə, Jalə Əliyeva və Arzu Məmmədova, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Kardiologiya Cəmiyyətinin (ESC) illik konqresində Kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq Səbinə Babayeva iştirak ediblər. 

- Kliniki Tibbi Mərkəzdə həyata keçirilən mürəkkəb və ağır müalicə proseslərinin, o cümlədən göz, ürək, toksikoloji və digər kritik sahələrdəki tibbi müdaxilələrin ümumi uğur göstəriciləri necədir?

-İcbari Tibbi Sığortanın tətbiqindən sonra KTM-də ağır və nadir görülən əməliyyatlar icra edilib. Mərkəz mürəkkəb əməliyyatların icrası üçün müasir tibbi cihazlarla təchiz olunub. Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə epileptik ocaqların aşkar edilməsi və onun beyindən xaric edilməsi üzrə ağır cərrahi əməliyyat icra olunub. Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı və assistent, Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədlinin iştirakı ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb. Pasiyent üzərində sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyat 3 saat davam edib və müsbət nəticə əldə olunub. Kliniki Tibbi Mərkəzdə gün ərzində 40-dan çox cərrahi əməliyyat icra olunur. Hazırda Kliniki Tibbi Mərkəzdə 40-a yaxın şöbə fəaliyyət göstərir və bu şöbələrin sayı gündən-günə artmaqdadır.

- Kliniki Tibbi Mərkəzin yaxın gələcək üçün əsas inkişaf planları və strateji məqsədləri nələrdir?

- Kliniki Tibbi Mərkəzin yaxın gələcək üçün əsas inkişaf istiqamətləri TƏBİB-in ümumi strateji xəttinə uyğun olaraq müəyyənləşdirilib. Mərkəzin başlıca məqsədi tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğun səviyyəyə çatdırmaq, infrastruktur və idarəetmə sistemini müasirləşdirmək, eləcə də pasiyent məmnunluğunu yüksəltməkdir. Bu istiqamətdə planlaşdırılan əsas tədbirlər Mərkəzin binalarının müasir tələblərə uyğun təmiri, yeni tibbi avadanlıqlarla təchizatın mərhələli şəkildə davam etdirilməsi, xüsusilə insult, kardiologiya, reanimasiya və diaqnostika sahələrində beynəlxalq sertifikasiya və keyfiyyət standartlarının tətbiqi, gənc həkimlərin işə cəlb edilməsi, ixtisasartırma və təlim proqramlarının genişləndirilməsi, TƏBİB Akademiyası vasitəsilə yerli və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsidir.

Yaqut Ağaşahqızı, “İki sahil”