Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Rumıniya Parlamentinin Senatının sədrinin müavini Robert-Marius Kazançuk ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, qanunvericilik və hüquqi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Baş prokuror Kamran Əliyev Azərbaycanda prokurorluq orqanlarındakı islahatlar, o cümlədən normativ-hüquqi bazanın gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərə toxunaraq, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi və təkmilləşdirilməsi barədə məlumat verib. Baş prokuror cari ilin oktyabr ayında Rumıniya Senatının prezidenti Mirça Abrudeanın Azərbaycana səfəri və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşünü ikitətərəfli əməkdaşlığın yüksək səviyyəsinin təzahürü adlandırıb.
Rumıniya Parlamentinin Senatının sədrinin müavini Robert-Marius Kazançuk öz növbəsində Azərbaycan nümayəndə heyətini Rumıniyanın Senatında qarşılamaqdan məmnunluğunu ifadə edərək, ölkədəki qanunvericilik islahatları barədə danışıb. O, Rumıniya ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı etimad və çoxşahəli əməkdaşlıq üzərində inkişaf etdiyini söyləyib.
Görüşdə Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak edib.
Sonra Azərbaycan nümayəndə heyətinə Rumıniya Parlament binasının tarixi ilə bağlı geniş məlumat verilib.