Cəmiyyətdə aqressiyanın artması təkcə fərdi problem deyil, sosial- psixoloji mühitin məhsuludur
Son illər cəmiyyətdə aqressiv davranışların və ekstremal halların artması sosial psixoloji mühitin həssaslığını bir daha gündəmə gətirir. Fərdlərin gündəlik həyatında artan emosional yük, informasiya intensivliyi və sosial-iqtisadi dəyişikliklər psixoloji sabitliyə birbaşa təsir edir. Bu proseslər aqressiyanın yalnız fərdi deyil, həm də kollektiv səviyyədə formalaşan bir məsələ olduğunu göstərir. Mövzunun psixoloji əsaslarını, səbəblərini və mümkün həll yollarını daha dərindən anlamaq üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliynin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.
-Son zamanlar artan aqressivlik və ekstremal halları necə qiymətləndirirsiniz? Bunun psixoloji səbəbləri nədir?
-Cəmiyyətdə aqressiyanın artması təkcə fərdi problem deyil, sosial- psixoloji mühitin məhsuludur. Yaşanan qeyri-sabitlik, iqtisadi və emosional gərginlik, insanların gündəlik streslə baş etmə bacarıqlarının zəif olması aqressiyanı “kənara boşaltma”ya gətirib çıxarır. Eyni zamanda, ailədaxili kommunikasiya problemləri, uşaqların tərbiyəsində zorakı üsullar, emosiyaların sağlam ifadə kanallarının olmaması bu halları qidalandırır. Zorakılığın normal görünməyə başlaması da davranış baryerlərini zəiflədir. Yəni, problemin kökü həm sistemli, həm də fərdi səviyyədədir.
-Sosial şəbəkələrin və bəzi media subyektlərinin zorakılığı təbliğ etməsi real həyatda aqressiv davranışları stimullaşdırırmı?
-Bəli, psixoloji tədqiqatlar göstərir ki, zorakılığın bəzi media orqanlarında tez-tez nümayişi aqressiv davranışın həm qəbul edilməsini, həm də təkrar olunma ehtimalını artırır. İnsan beynində “modelləşdirmə öyrənməsi” deyilən mexanizm var. Yəni, müşahidə edilən davranışlar daxili repertuara yazılır və uyğun şəraitdə tətbiq olunur. Əgər zorakılıq mediada cəzasız, hətta bəzən “cəsarət”, “kişilik”, “status” kimi təqdim edilirsə, bu davranış sosial baxımdan legitim görünməyə başlayır. Sosial şəbəkələrdə belə kontentlərin viral yayılması zorakılığa emosional həssaslığı azaldır, onu normallaşdırır və davranış baryerini zəiflədir. Əlbəttə, bu təsir hər kəsdə eyni dərəcədə olmur — yüksək empati, güclü ailə nəzarəti və sağlam şəxsiyyət strukturu kimi qoruyucu faktorlar təsiri azaldır, lakin psixoloji zəif zəmində olan fərdlər üçün media aqressivliyin real tetikçisi rolunu oynaya bilir.
-Uşaqlıq travmaları və zorakılığa məruz qalma gələcək aqressivliyə necə təsir edir?
-Uşaqlıq dövrü beynin emosional və davranış sistemlərinin formalaşdığı kritik mərhələdir. Bu mərhələdə zorakılığa məruz qalmaq və ya zorakılığın şahidi olmaq beynin “dünya təhlükəlidir və güc yeganə müdafiə mexanizmidir” kimi disfunksional şərhlər formalaşdırmasına gətirir. Belə insanlar sonradan sosial situasiyaları neytral olsa belə təhlükə kimi qavrayıb, qabaqlayıcı müdafiə kimi aqressiyadan istifadə edirlər. Travma həm də empati qabiliyyətini zəiflədir, impuls nəzarətini pozur və emosional tənzimləməni çətinləşdirir — bu üç faktor birlikdə kriminal davranış riskini yüksəldir. Zorakılığı görən uşaq onu “effektiv problem həlli üsulu” kimi öyrənir və sosial təkrarlama mexanizmi işə düşür. Başqa sözlə, çox zaman böyüklərin zorakı davranışı gələcəyin zorakı böyüklərini “istehsal edir”.
-Eyni şəraitdə böyüyən iki insandan niyə biri aqressiv olur, digəri yox?
-Burada fərdi psixoloji faktorlar rol oynayır: temperament, emosional tənzimləmə bacarıqları, empati səviyyəsi, mənlik dəyəri, ailədən və müəllimdən alınan emosional dəstək fərqlidir. Eyni hadisə iki beynə eyni təsir etmir. Biri travmanı mənimsəyir və kompensasiya mexanizmi tapır, digəri isə davranışla boşaldır. Yəni, şəxsiyyət strukturu və psixoloji dayanıqlıq aqressiyanın inkişafında əsas ayırdedici faktordur.
-Aqressivlik cəmiyyətin psixoloji mühitinə necə təsir edir?
-Zorakılıq təkcə qurbanı deyil, şahidi olanları da təhlükəsizlik hissindən məhrum edir. İnsanlar özünü qoruma moduna keçir, güvən azalır, sosial münasibətlərdə ehtiyatlılıq və paranoya artır. Bu, uzun müddətdə kollektiv narahatlıq, depressiv fon, sosial bölünmə və empati çatışmazlığı yaradır. Belə mühitdə psixoloji rifah aşağı düşür və yeni zorakılıq halları üçün zəmin yaranır.
-Zorakılığın “adiləşməsi” fenomeninə yanaşmanız?
-Bu, psixologiyada “desensitizasiya” adlanır. Yəni, davamlı təkrar qarşılaşma nəticəsində emosional reaksiyanın kütləşməsi. İnsan qorxmağı və təəccüblənməyi dayandırdıqca, davranışın qəbul baryeri aşağı düşür. Bu adiləşmənin səbəbi həm informasiya bolluğu, həm də insanlar üçün emosional özünüqatılaşdırmanın (özünü qoruma mexanizmi kimi) zəruri hala gəlməsidir. Bu, cəmiyyət üçün təhlükəli siqnaldır, çünki normallaşan davranış təkrarlanmağa meyllidir.
-Qarşısının alınması üçün effektiv preventiv addımlar hansılardır?
-Fərdi səviyyədə emosional tənzimləmə, qəzəb idarəsi və konflikt həlli bacarıqlarının öyrədilməsi vacibdir. Valideyn səviyyəsində uşağı zorakılıqsız intizam üsulları ilə böyütmək, emosional dialoqu gücləndirmək lazımdır. Məktəblərdə sosial-emosional təhsil proqramları və zorakılığa sıfır tolerantlıq mühiti təsirlidir. İcma səviyyəsində isə media etikası, pozitiv model təqdimatı və psixoloji dəstək xidmətlərinin əlçatanlığı zorakılığın azalmasına ciddi təsir göstərir.
Yaqut Ağaşahqızı, “İki sahil”