Hipnoz və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamına görə "ATV" kanalına xəbərdarlıq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərar Audiovizual Şurasının bugünkü onlayn iclasında qəbul edilib.
Belə ki, iclasda "ATV" televiziya kanalının efirində noyabrın 13-də yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunub.
Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq etmiş, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib. Qurumun Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri bu fikirləri "Reklam haqqında" qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alıb.
Həmin faktı Audiovizual Şuranın hüquqşünasları pozuntu kimi təsdiq edib.
Şura üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq "ATV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib.