Xəbər verildiyi kimi, “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ilk dəfə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi təqdim edib. Agentlik Şirkətin ümumi göstəricisini “3” səviyyəsində qiymətləndirərək SOCAR-ın dayanıqlılıq sahəsində sabit və yetkin fəaliyyət göstərdiyini qeyd edib.
Risklərin idarə edilməsi və dekarbonizasiya strategiyasının rolu
Bu nəticə Şirkətin yüksək risklərin idarə edilməsi üzrə formalaşdırdığı effektiv sistem, emissiyaların azaldılması istiqamətində müəyyənləşdirilmiş hədəflər, ətraf mühitə təsirin minimuma endirilməsi, müxtəliflik prinsiplərinin dəstəklənməsi və idarəetmədə şəffaflığın gücləndirilməsi üzrə irəliləyişlərlə uzlaşır. “Sustainable Fitch” tərəfindən aparılan qiymətləndirmədə SOCAR-ın dekarbonizasiya strategiyası, sosial sabitliyi və korporativ idarəetmə çərçivəsində risklərin idarə olunmasına dair mövcud mexanizmlər reytinqə təsir edən əsas meyarlar kimi göstərilib.
Şirkətin beynəlxalq ESG standartlarına uyğun hesabatlılıq mexanizmlərini genişləndirməsi də reytinq prosesində mühüm rol oynayıb. Agentlik qeyd edir ki, SOCAR-ın dayanıqlı inkişaf istiqamətində atdığı addımlar təkcə əməliyyat fəaliyyətində deyil, həm də uzunmüddətli strateji planlaşdırmada beynəlxalq investor gözləntiləri ilə uyğunluq nümayiş etdirir.
Ekspert rəyi: ESG reytinqinin SOCAR üçün əhəmiyyəti
Enerji məsələləri üzrə ekspert İlham Şaban SOCAR-ın “Sustainable Fitch” agentliyindən ilk ESG reytinqi əldə etməsini Azərbaycanın enerji sektorunda institusional transformasiya prosesinin mühüm mərhələsi kimi qiymətləndirir: “Bu reytinq SOCAR-ın ətraf mühitə təsiri, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində fəaliyyətinin qiymətləndirilməsidir: Reytinq SOCAR-ın risklərin idarə olunması, emissiyaların azaldılması məqsədləri, sosial məsuliyyət sahəsində sabitlik göstərməsi kimi məqamları müsbət dəyərləndirir. İndi baxaq görək bu reytinqin əldə edilməsi SOCAR üçün gələcək fəaliyyətində hansı üstünlüklər yaradır? Bu, öncə beynəlxalq investorlar arasında etibarın artması deməkdir. İkincisi, bu reytinqdə olan şirkətlər banklardan və maliyyə qurumlarından “yaşıl” maliyyələşmə əldə etməkdə üstün mövqe qazanır. Nəhayət, SOCAR-ın emissiyaların azaldılması üzrə planlarının xarici agentlik tərəfindən müsbət qiymətləndirilməsi Şirkətin gələcək “yaşıl” layihələrə girişini daha da asanlaşdırır.”
SOCAR-ın qlobal dayanıqlılıq tendensiyalarına inteqrasiyası
Ekspert “İki sahil”ə açıqlamasında bildirib ki, Şirkətin “3” səviyyəsində qiymətləndirilməsi SOCAR-ın dayanıqlılıq sahəsində qurduğu idarəetmə mexanizmlərinin artıq beynəlxalq standartlarla uzlaşdığını göstərir: “Bu reytinq SOCAR-ın yalnız əməliyyat fəaliyyəti ilə deyil, həm də strateji idarəetmə yanaşması ilə qlobal dayanıqlılıq tendensiyalarına inteqrasiya etdiyini təsdiqləyir. Dekarbonizasiya, emissiyaların azaldılması və sosial məsuliyyət kimi istiqamətlərdə əldə olunan nəticələr Şirkətin uzunmüddətli riskləri effektiv şəkildə idarə etdiyini göstərir.”
İlham Şaban qeyd edib ki, son illərdə SOCAR ESG üzrə hesabatlılıq çərçivəsini genişləndirərək daha şəffaf və ölçülə bilən göstəricilər təqdim etməyə başlayıb. Bu isə beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığın keyfiyyətinə müsbət təsir göstərib: “Beynəlxalq ESG standartlarına uyğun hesabatlılığın tətbiqi həm xarici investorların davranışına, həm də Şirkətin kapital bazarlarına çıxış imkanlarına birbaşa təsir edir. SOCAR-ın bu istiqamətdə atdığı addımlar Şirkətin gələcək maliyyələşmə modellərində daha sərfəli şərtlər əldə etməsinə şərait yaradır. Neft bazarındakı dalğalanmalara baxmayaraq, SOCAR-ın iki beynəlxalq agentlikdən investisiya dərəcəli reytinq alması Şirkətin risklərin idarə edilməsi və maliyyə dayanıqlılığı üzrə atdığı addımların nə qədər səmərəli olduğunu göstərir. ESG və kredit reytinqlərində paralel yüksəliş Şirkətin qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.”
Ekspert hesab edir ki, “Sustainable Fitch” tərəfindən verilən ESG reytinqi SOCAR-ın dayanıqlı transformasiya prosesində növbəti mərhələyə keçdiyini göstərir və bu qiymətləndirmə gələcəkdə Dövlət Neft Şirkətinin beynəlxalq enerji layihələrində daha güclü mövqe nümayiş etdirməsinə imkan yaradacaq.
SOCAR-ın dayanıqlı inkişaf strategiyasının beynəlxalq tanınması
Qeyd edək ki, SOCAR ötən il ESG sahəsində əhəmiyyətli uğur əldə edərək “MSCI” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi alan ilk enerji şirkəti olub. Bu nailiyyət Şirkətin dayanıqlılıq göstəricilərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyib.
Bununla yanaşı, neft və qaz bazarlarında dəyişkənlik, qiymət dalğalanmaları və əməliyyat mühitindəki qeyri-müəyyənliklərə baxmayaraq, SOCAR-ın sağlam maliyyə göstəriciləri, həmçinin şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirdiyi islahatlar Şirkətin tarixində ilk dəfə olaraq iki beynəlxalq agentlikdən – “Fitch”dən BBB- və “Moody’s”dən Baa3 investisiya dərəcəli kredit reytinqləri əldə etməsinə şərait yaradıb.
Bu qiymətləndirmələr SOCAR-ın dayanıqlı inkişaf, şəffaflıq və məsuliyyətli korporativ idarəetmə prinsiplərinə sadiqliyinin, həmçinin qlobal enerji bazarlarında mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Orxan Vahidoğlu, “İki sahil”