28 noyabr 2025 00:14
89

İdmanımızın yeni parlaq mərhələsi

Prezident İlham Əliyevin VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan heyətinin mükafatlandırılması haqqında Sərəncamı bunun təsdiqidir

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında göstərilən yüksək nəticələr Azərbaycan idmanının son illərdə keçdiyi inkişaf yolunun bariz göstəricisinə çevrildi. Bu Oyunlarda idmançılarımızın qazandıqları uğurlar onların hazırlıq prosesinə cəlb olunan geniş mütəxəssis komandasının gərgin əməyi ilə müşayiət edildi və bu nailiyyətlər dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə idmançılar, onların məşqçiləri və hazırlıq prosesinə töhfə verən digər mütəxəssislər mükafatlandırıldı. Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ayrılan 1 milyon 900 min manatlıq vəsait dövlətin idmana göstərdiyi davamlı qayğının, sistemli yanaşmanın və uğurlu idman siyasətinin növbəti təsdiqi oldu. Həmçinin Nazirliyə verilən tapşırıqlar  vəsaitin bölgüsü mexanizminin hazırlanması, təyinatına uyğun şəkildə ödənilməsi və bu prosesin şəffaf icrası  dövlətin idman idarəçiliyinə yanaşmasının peşəkarlığını nümayiş etdirir. Maliyyə Nazirliyinin maliyyələşməni təmin etmək öhdəliyi isə bu qərarın icrasının dövlət strukturları arasında koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir.

Milli nüfuzun və cəmiyyətin güclənməsinin ifadəsi

Azərbaycan son illərdə  idman sahəsində qazandığı nəticələrlə bir daha sübut etdi ki, ölkədə formalaşan idman siyasəti yalnız rəqəmlərlə ölçülən nəticələr deyil, həm də gənc nəslin formalaşması, sağlam həyat tərzinin təşviqi və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından geniş təsirə malikdir. Beynəlxalq yarışlarda idmançılarımızın nümayiş etdirdikləri performans, dünya arenalarında səsləndirilən Azərbaycanın himni və qaldırılan üçrəngli Bayrağımız ölkəmizin idman diplomatiyasında artan çəkisinin real ifadəsidir. Bu, həm də idmançılarımızın uzun illər ərzində yaradılmış güclü idman infrastrukturu üzərində yetişdiyini göstərir. Müstəqilliyin illərindən bu günə qədər ölkədə yüzlərlə idman qurğusu inşa edilib, Olimpiya kompleksləri fəaliyyətə başlayıb, federasiyalar yenilənib. Bütün bunlar dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində mümkün olub.

İdman siyasətinin strateji mahiyyəti ölkənin inkişaf kursunu tamamlayır

Azərbaycanda idmanın inkişaf etdirilməsi sadəcə bir sahəyə yönələn tədbirlər kompleksi deyil, dövlətin strateji kursunun mühüm tərkib hissəsidir. Bu siyasətin ən diqqətəlayiq cəhətlərindən biri budur ki, idmanın təbliği ölkənin həm daxili sosial dinamikasında, həm də beynəlxalq imicində böyük rol oynayır. 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də Formula-1 Qran-prisinin mütəmadi olaraq Bakıda keçirilməsi Azərbaycanı qlobal idman xəritəsində aparıcı mərkəzlərdən birinə çevirib. Bu tədbirlər sayəsində ölkəmiz dünyanın diqqət mərkəzinə düşüb, iqtisadiyyatımız üçün əlavə imkanlar formalaşıb, turizm sektoru canlanıb, şəhər infrastrukturu daha müasir formaya gətirilib. Hər bir bu cür yarış Azərbaycanın potensialını, idarəetmə bacarığını və qlobal miqyasda rəqabətə davamlılığını nümayiş etdirib.

Prezident İlham Əliyevin liderliyi idmana strateji istiqamət verir

Azərbaycanın idman siyasətinin ən mühüm dayağı isə Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi şəxsi diqqət və liderlikdir. İlham Əliyevin 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti idmanın ölkə həyatında prioritet istiqamətə çevrilməsinə geniş imkanlar açdı. Onun rəhbərliyi dövründə idman sistemində köklü islahatlar həyata keçirildi, federasiyaların fəaliyyətinin koordinasiyası gücləndirildi, idman infrastrukturu yeniləndi. Dövlət başçısı həm ölkə Prezident, həm də MOK-un rəhbəri kimi idmançıların sosial təminatına xüsusi qayğı göstərir, onların hazırlıq prosesində ortaya çıxan ehtiyacların aradan qaldırılması üçün mütəmadi tapşırıqlar verir. Bu diqqət nəticəsində Azərbaycan idmançıları Olimpiya Oyunlarında müntəzəm olaraq yüksək nəticələr göstərir və ölkə öz idman uğurlarını hər yeni dövrdə daha da möhkəmləndirir.

Gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm amil

İdman yalnız yarışlardan ibarət deyil, həm də mənəvi dəyərin, milli kimliyin, vətənpərvərlik ruhunun əyani təcəssümüdür. Prezident İlham Əliyevin 2024-cü ilin idman yekunlarına dair keçirdiyi tədbirdə söylədiyi fikirlər idmanın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir. Dövlətimizin başçısnın "Fiziki güc mənəvi saflığa da yol açır" sözləri idmanın gənclərin şəxsiyyət kimi formalaşmasında oynadığı rolu önə çəkir. Azərbaycanda gənclərin həm fiziki, həm də mənəvi baxımdan sağlam, vətənpərvər və Azərbaycan dövlətinə bağlı şəxslər kimi yetişdirilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bu baxış nəticəsində idman cəmiyyətdə nümunəvi davranış modeli yaradır, gəncləri sağlam həyat tərzinə həvəsləndirir və onların gələcək fəaliyyətinə müsbət təsir göstərir.

III MDB Oyunları Azərbaycanın təşkilati gücünü nümayiş etdirdi

Azərbaycan dövlətinin idman siyasətinin gücünü göstərən mühüm hadisələrdən biri də 2025-ci ildə keçirilən III MDB Oyunları oldu. Gəncə başda olmaqla ölkənin yeddi şəhərində təşkil olunan bu yarışlar Azərbaycanın artıq yalnız paytaxt mərkəzli deyil, regional inkişaf strategiyasına uyğun şəkildə idmanı bütün ölkəyə yaydığını göstərdi. Yarışlarda 8 ölkədən 1846 idmançının iştirakı tədbirin miqyasını genişləndirərək MDB məkanında dostluğun, etimadın və əməkdaşlığın nümunəsinə çevrildi. Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etməsi beynəlxalq idman idarəçiliyindəki təcrübəsinin yetkinliyini nümayiş etdirdi. Oyunların keçiriləcəyi şəhərlərdə yenilənən infrastruktur, idman komplekslərinin müasirləşdirilməsi, logistika sahəsində həyata keçirilən geniş hazırlıq tədbirləri ölkənin güclü təşkilati potensialının bariz ifadəsi oldu.

III MDB Oyunları yalnız idman hadisəsi kimi deyil, həm də diplomatik proseslərin gücləndirilməsi baxımından əhəmiyyətli rol oynadı. Bu tədbir Azərbaycanın regional əməkdaşlığın təşviqinə verdiyi töhfəni daha da artırdı və ölkənin sülh, sabitlik və tərəfdaşlıq xəttinin real nəticələrindən biri kimi dəyərləndirildi. Prezident İlham Əliyevin yarışlarla bağlı səsləndirdiyi fikirlər bu uğurun siyasi və mənəvi dəyərini daha da genişləndirdi. O, qeyd etdi ki, Azərbaycan bu gün regionun yalnız hərbi-siyasi gücü deyil, həm də sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın etibarlı dayağıdır. İdman isə bu xəttin ictimai müstəvidə ən təsirli təzahür formalarından biri kimi çıxış edir.

Azərbaycanın idman modeli dövlətçilik fəlsəfəsi ilə tamamlanır

Bütün bu reallıqlar onu deməyə əsas verir ki, idman Azərbaycanda təkcə bir fəaliyyət sahəsi deyil, həm də dövlətin gücünün, xalqın enerji və potensialının, milli birliyin və vətənpərvərlik ruhunun ifadə vasitəsidir. Ölkədə idman sahəsində görülən bütün işlər  infrastrukturun yenilənməsi, gənclərin idmana cəlb olunması, beynəlxalq yarışların keçirilməsi, idmançılara göstərilən sosial dəstək güclü dövlət və sağlam cəmiyyət qurmaq məqsədinə xidmət edir. Bu strategiya həm bu günün reallığını formalaşdırır, həm də Azərbaycanın gələcək inkişafının təməl sütunlarından birini təşkil edir.

Beləliklə, idman siyasətinin bu şəkildə qurulması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə, ölkə gəncliyinin sağlam və vətənpərvər ruhda yetişdirilməsinə, cəmiyyətin sosial enerjisinin düzgün istiqamətləndirilməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin yürütdüyü ardıcıl və uzaqgörən idman siyasəti sayəsində Azərbaycan bu gün regionun aparıcı idman gücünə çevrilməklə yanaşı, həm də mənəvi dəyərlərə söykənən inkişaf modelinin nümunəsini təqdim edir. Bu model idmanı dövlət maraqlarının, cəmiyyətin inkişafının, milli birliyin və beynəlxalq nüfuzun strateji alətinə çevirir.

Nigar Orucova, "İki sahil"