Məhkəmə-Hüquq Şurası ölkənin bir sıra bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin tələbləri və yaranmış zərurəti nəzərə alaraq, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinə qəbul qaydalarını yeniləyib. Şura tərəfindən təsdiqlənən dəyişikliklərə əsasən, artıq bu vəzifəyə yalnız hüquqşünaslıq deyil, həm də müxtəlif humanitar və sosial sahələr üzrə ali təhsil almış şəxslər müraciət edə biləcəklər.
Yeni tələblərə filologiya, fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika, kitabşünaslıq, tarix, politologiya, psixologiya, sosiologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, kitabxanaçılıq və informasiya, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi və sosial iş kimi ixtisaslar da əlavə edilib. Bu isə məhkəmə sistemində kadr potensialının genişləndirilməsi baxımından mühüm yenilik sayılır.
İclas katibləri məhkəmə prosesinin sənədləşdirilməsi, iclasların idarə olunmasına təşkilati dəstək və iş yükünün bölüşdürülməsi baxımından mühüm rol oynayır. Kadr seçiminin genişləndirilməsi bu sahədə çevikliyi artıracaq. Yeni mexanizm hüquq sahəsindən kənar ali təhsilli gənclərin də məhkəmə sisteminə qoşulmasına imkan yaradır. Bu isə dövlət qurumlarında insan resurslarının daha inklüziv şəkildə formalaşmasına şərait yaradacaq. Eyni zamanda, dil bilikləri, analitik düşüncə, kommunikasiya və təşkilati bacarıqlara malik mütəxəssislərin prosesə daxil edilməsi məhkəmələrin gündəlik işinin daha səmərəli və effektiv qurulmasına töhfə verəcək.
Qeyd edək ki, indiyədək məhkəmə iclas katibi vəzifəsinə yalnız hüquqşünaslıq ixtisası üzrə təhsil almış şəxslər müraciət edə bilərdilər. Məhkəmə-Hüquq Şurasının yenilədiyi mexanizm isə daha çevik və inklüziv kadr siyasətinə keçidi təmin edir və insan resurslarının inkişafına yeni imkanlar açır.
Dəyişiklik hansı üstünlüklər gətirəcək?

Vəkil Vüsal Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, indiyədək, yəni dəyişiklikdən əvvəlki vaxta qədər iclas katibi vəzifəsinə yalnız hüquqşünaslıq ixtisası üzrə ali təhsili olan şəxslər müraciət edə və işləyə bilərdi. Lakin artıq yeni bir mexanizm daha çevik kadr siyasətinin həyata keçirilməsinə imkan verir: “Belə ki, artıq yeni dəyişikliyə əsasən, “Təhsilə dair tələblər” bölməsində bildiyimiz kimi, hüquqşünaslıq ixtisası ilə yanaşı, filologiya, fəlsəfə, tərcümə, jurnalistika, kitabşünaslıq, tarix, politologiya, psixologiya, sosiologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, kitabxanaçılıq və informasiya, dövlət və ictimai münasibətlər və eyni zamanda, dövlət və bələdiyyə idarəetməsi və sosial iş ixtisasları üzrə ali təhsil alan şəxslər də məhkəmə iclas katibi vəzifəsində işləyə bilərlər. Əslində bu qeyd olunan ixtisaslara baxdıqda bəziləri demək olar ki, məhkəmə iclas katibi vəzifəsinin ruhuna və məramına uyğundur. Misal üçün, filologiya, beynəlxalq münasibətlər və ya dövlət və ictimai münasibətlər kimi ixtisaslarda təhsil almış şəxslər məhkəmə iclas katibi vəzifəsində daha çevik işləyə bilərlər. Nəticə olaraq məhkəmə iclas katibinin vəzifəsi ondan ibarətdir ki, məhkəmə iclasında baş verənləri protokollaşdırsın. Hesab edirəm ki, məhkəmə iclasında tərəflərin çəkişməsi prosesinin protokollaşdırılması üçün xüsusi olaraq hüquqşunas olmasına zərurət yox idi.”
Vüsal Cəfərovun sözlərinə görə, bu dəyişiklik nəticəsində gənclərin məhkəmə sisteminə cəlb edilməsi ilə məhkəmə prosesinin effektivliyinin artırılması və yaxud da inzibati idarəetmə keyfiyyətinin yüksəldilməsi kimi hallara rast gəlinəcəkdir: “Hesab edirəm ki, hazırkı dəyişiklik müsbət qiymətləndirilməlidir. Bir məsələni qeyd etmək lazımdır ki, bildiyiniz kimi, hakimin eyni zamanda, bir iclas katibi vəzifəsində, bir də hakim köməkçisi vəzifəsində işləyən köməkçisi olur. Hakim köməkçisi vəzifə təlimatlarına baxanda görünür ki, hakim köməkçisinin əsas vəzifəsindən biri qərar layihələrin hazırlanması və bu qərar layihələrinin hakimə təqdim olunmasıdır. Yəni, hakim köməkçisi vəzifəsi birbaşa hüquqşünas ixtisası ilə bağlı olan bir məsələdir və ona görə də hakim köməkçisi kimi təbii ki, ancaq hüquqşünaslar işləyə bilərlər. Ancaq məhkəmə iclas katibi texniki bir vəzifədir. Misal üçün, işin nömrələnməsi, dediyim kimi, iclasın protokollaşdırılması, işin tikilməsi, arxivə təhvil verilməsi və s.”

Digər həmsöhbətimiz vəkil Araz Nurməmmədov isə bildirdi ki, bu, çox müsbət addımdır: “Gənclərin işə cəlb olunması, regionlarda kadr potensialının artırılması, məhkəmələrdə işlərin sayının çoxluğunu nəzərə alaraq müsbət addımdır. Daha çox gənclərə üstünlük verilməsi, eyni zamanda, vətəndaşlara qətnamə qərarı bildirişlərin hazırlanması, vaxtında çatdırılması üçün gənclərə ehtiyac var. Bu addımı sırf kadr potensialının artırılması nöqteyi-nəzərindən vacib hesab edirəm. Lakin bir məsələni qeyd etmək lazımdır ki, həmin şəxslərin birbaşa katib vəzifəsində yer almazdan əvvəl 3 aylıq təlimdən keçməsi vacibdir. Çünki kifayət qədər məsuliyyətli vəzifədir, belə deyək, hakimin “ikinci gözüdür” və kənardan məsələləri müşahidə edərək nöqsanları, çatışmayan məlumatları hakimə ötürməyə köməkçi ola bilər. Sosial və humanitar sahədə çalışanlar məsələn, jurnalistika, filologiya kimi ixtisaslarda təhsil alan diplomlu gənclər kənar müşahidənin aparılması, eyni zamanda, kommunikasiya, hüquqi yazı bacarıqları və kifayət qədər informasiyaları olan şəxslərdir. Onlar məhkəmə katibi vəzifəsinə uyğun gəlirlər. Çünki hər bir halda məhkəmə katibləri daha çox yazı yazmaq, insanları dinləmək, onları bir formada şərh etməklə, protokolların hazırlanması ilə məşğul olurlar. Bunların hamısı sırf humanitar və sosial ixtisas sahəsində təhsil alan gənclərin bacarıqları siyahısına daxil edilə bilər. Ona görə də hesab edirəm ki, bu, kifayət qədər müsbət addımdır və təqdirəlayiqdir.”
Şahnigar Əhmədova, “İki sahil”