28 noyabr 2025 10:00
56

Modern infrastruktur, rəqəmsal xidmətlər və peşəkar tibbi heyət…

Bakı Baş Səhiyyə Mərkəzi səhiyyə xidmətlərinin keyfiyyətini artırır

Son illər səhiyyə sahəsində aparılan islahatlar tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin modernləşdirilməsi və əhalinin sağlamlığının etibarlı qorunması üçün yeni imkanlar yaradıb. Paytaxt üzrə bu proseslərin koordinasiyasını  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  tabeliyində fəaliyyət göstərən “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs (PHŞ) həyata keçirir. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktorunun müalicə işləri üzrə müavini Güllü İbadova “İki sahil” qəzetinə müsahibəsində qurumun fəaliyyəti, aparılan  yeniliklər və paytaxt səhiyyəsindəki digər önəmli məqamlar öz əksini tapır.

-Bakı Baş Səhiyyə Mərkəzinin fəaliyyət istiqamətləri və əsas hədəfləri barədə oxucularımıza məlumat verməyinizi istərdik?..

- TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ TƏBİB-in İdarə Heyəti sədrinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin bazası əsasında yaradılıb. Mərkəz Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrini əhatə edir və əsas fəaliyyət istiqaməti ilkin səhiyyə xidmətinin gücləndirilməsi və inkişaf etdirilməsidir.Mərkəzin strukturuna şəhər və uşaq poliklinikaları, birləşmiş şəhər xəstəxanaları, sağlamlıq mərkəzləri, qadın məsləhətxanaları, uşaq stomatoloji poliklinikaları, dəri-zöhrəvi dispanserlər və digər tibbi müəssisələr daxildir. Mərkəzin əsas vəzifələri arasında əhaliyə ilkin səhiyyə xidmətinin göstərilməsi, ixtisaslaşdırılmış tibbi yardım, infeksion xəstəliklərin yayılmasının qarşısının alınması, ana və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaması üzrə tədbirlərin təşkili, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət, əhalinin xəstələnmə və ağırlaşma riskinin minimuma endirilməsi və tibbi maarifləndirmə fəaliyyətləri yer alır. Mərkəzin əsas məqsədi paytaxt əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq, səhiyyə idarəçiliyində müasir yanaşmaları tətbiq etmək və vətəndaşların sağlamlığını etibarlı, davamlı və qabaqlayıcı sistemlə qorumaqdır. Bu istiqamətdə aparılan son illərin islahatları təkcə inzibati dəyişikliklər deyil, eyni zamanda Bakı şəhərində səhiyyə xidmətlərinin vahid idarəetmə və strateji nəzarət mexanizminə keçidini təmin edib.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində 2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonlarında 543 389 uşaq Mərkəzin tibb müəssisələri tərəfindən icbari dispanserizasiya müayinələrinə cəlb olunub. Bu fəaliyyət Nazirlər Kabinetinin 23 aprel 2014-cü il tarixli Qərarına uyğun həyata keçirilir. İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunu və ölüm səviyyəsini azaltmaqdır. Bu proses çərçivəsində uşaqlara illik profilaktik baxış keçirilir və onlar bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, oftalmoloq, otorinolarinqoloq və s.) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Müayinələr il ərzində davamlı olaraq aparılır.

Ümumilikdə, 2024-cü il ərzində Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən əhaliyə 13 808 354 tibbi xidmət göstərilib.

-Son illərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində hansı mühüm layihələr həyata keçirilib?

-Mərkəz tabeliyində olan bütün poliklinika və ambulator tibb müəssisələrində vahid idarəetmə və məsuliyyət modeli yaradıb. Bu model xidmətin planlaşdırılması, icrası və monitorinqinin eyni standartlara uyğun olmasını təmin edir. Hər müəssisəyə təyin olunan kurator nəzarəti sistemi tibbi sənədləşmənin düzgün aparılmasına, klinik qərarların əsaslandırılmasına və göndəriş proseslərinin şəffaf icrasına nəzarət edir. Beləliklə, fərdi həkim məsuliyyəti yox, sistem məsuliyyəti prinsipi tətbiq olunur. Mərkəz, həmçinin icbari tibbi sığortanın paytaxt üzrə koordinasiyalı və effektiv icrasında mühüm rol oynayır. Hər bir göndəriş klinik protokollara əsasən tənzimlənir, sui-istifadə hallarının qarşısı alınır və şəffaflıq təmin edilir. Rəqəmsal səhiyyə sistemlərinin tətbiqi ilə elektron göndəriş, pasiyent tarixçəsinin izlənilməsi və məlumatların mərkəzləşdirilmiş bazada saxlanılması artıq praktik olaraq həyata keçirilir. Bu, idarəetmədə şəffaflığı və tibbi qərarların operativliyini artırır. Profilaktik səhiyyə və ictimai sağlamlıq proqramları genişləndirilib. Risk qruplarının erkən aşkarlanması, dövri müayinələr və əhali maarifləndirilməsi Mərkəzin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Məqsəd xəstəliyi müalicə etmək yox, onun yaranmasının qarşısını almaqdır. Klinik protokolların tətbiqi və audit mexanizmi həkim fəaliyyətində subyektivliyi minimuma endirib. Ərazi üzrə təhkimolma mexanizmi optimallaşdırılıb, hər sahə həkiminə düşən əhali yükü balanslaşdırılıb və xidmətin keyfiyyəti artırılıb. Bununla vətəndaşların həkimə müraciət prosesi daha ədalətli təşkil olunur. Mərkəz strukturuna daxil olan tibb müəssisələrində infrastruktur və xidmət keyfiyyəti yüksəldilib. Belə ki, yeni müəssisələr istifadəyə verilib, mövcud binalar əsaslı və cari təmir olunub, müasir tibbi avadanlıqlar quraşdırılıb, laboratoriya və prosedur otaqları yenilənib, gözləmə zalları və müayinə otaqları təkmilləşdirilib. Poliklinikalarda ailə həkimi xidməti genişləndirilib, profilaktik müayinələrin əhatəsi artırılıb, xroniki xəstələrin elektron sistemdə izlənməsi təmin olunub, uşaq və qadın sağlamlığı kabinetləri gücləndirilib, elektron resept və rəqəmsal idarəetmə sistemləri tətbiq edilib. 2024-cü ildə istifadəyə verilən Hövsan Sağlamlıq Mərkəzində əzələ-skelet, travma sonrası və digər reabilitasiya xidmətləri yüksək keyfiyyətlə təqdim olunur və xəstələrin funksional vəziyyəti daha qısa müddətdə bərpa edilir. Bu tədbirlər nəticəsində Mərkəzin tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyəti yüksəlib, infrastruktur modernləşdirilib, tibb personalının bilik və bacarıqları təkmilləşdirilib və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığı əhəmiyyətli dərəcədə artırılıb.

-Bəs, Mərkəzin tibb işçilərinin peşəkar inkişafı üçün həyata keçirdiyiniz təlim və proqramlar barədə nə deyə bilərsiniz?

-Bakı Baş Səhiyyə Mərkəzində tibb işçilərinin peşəkar inkişafı daim prioritet istiqamətlərdən biridir. Müasir səhiyyə xidmətinin keyfiyyətli olması üçün personalın bilik və bacarıqları daima yenilənməlidir. Bu məqsədlə həm nəzəri, həm də praktiki bacarıqları artırmağa yönəlmiş müxtəlif təlim və inkişaf proqramları həyata keçirilir. Təlimlər yalnız ixtisas biliklərini dərinləşdirməklə kifayətlənmir, həm də gündəlik iş prosesində qarşılaşdıqları situasiyalarda daha peşəkar qərarlar verməyə imkan yaradır. Əsas diqqət müasir tibbi yanaşmaların öyrədilməsinə, pasiyentyönümlü xidmət mədəniyyətinin formalaşdırılmasına və komanda işinin gücləndirilməsinə yönəlir.

Mərkəzdə tətbiq olunan proqramlar aşağıdakı sahələri əhatə edir:

İdarəetmə və struktur nəzarəti üzrə təlimlər – baş həkim və müavinlər üçün səhiyyənin idarə olunması, strukturun təşkili və nəzarət mexanizmləri

İlkin və ixtisaslı tibbi xidmətlərin təşkili – sahə həkim-terapevti və pediatrı, onkoloji, ginekoloji, kardioloji, dermatoveneroloji və endokrinoloji xidmətlərin təşkili üzrə praktik və nəzəri təlimlər.

Metodik tövsiyə və elektron bülletenlər – xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtibi.

Elektron reseptlərin idarə olunması – dərman dövriyyəsinin şəffaf və effektiv idarə olunması üçün texniki və praktiki təlimlər.

Profilaktik müayinələrin təşkili – risk qrupuna daxil olan əhali üçün erkən diaqnostika və xəstəliklərin qarşısının alınması.

Tullantıların idarə olunması və gigiyenik təhlükəsizlik – tibbi tullantıların düzgün idarə olunması və sanitariya-epidemioloji təhlükəsizlik üzrə təlimlər.

Şəkərli diabet modulu – xəstələrin qeydiyyatı, monitorinqi və idarə olunması üçün elektron modulun tətbiqi.

Həkim və tibbi statistiklər üçün təlimlər – ixtisaslaşmış peşə bacarıqlarının artırılması.

Qeyri-tibb işçiləri üçün idarəetmə bacarıqları – effektiv kargüzarlıq və kadr işlərinin aparılması.

Bu proqramlar tibb işçilərinin bilik və bacarıqlarını artırmaqla yanaşı, xidmət keyfiyyətini yüksəldir, pasiyent məmnuniyyətini təmin edir və səhiyyə sistemində dayanıqlı idarəetmə modelinin inkişafına xidmət edir.

-Rəqəmsal səhiyyə və elektron xidmətlərin tətbiqi vətəndaşlara hansı real üstünlüklər qazandırır?

-Bu sahədə ciddi uğurlar əldə olunub. Belə ki, 2023-2024-cü illər ərzində Bakı şəhərində yerləşən 13 və 20 nömrəli Uşaq poliklinikalarında həyata keçirilən “Ambulator tibbi kitabçaların elektronlaşdırılması” pilot layihəsinin uğurlu nəticələri nəzərə alınaraq, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də ambulator kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir. Artıq paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3, 16, 19, 39 nömrəli Şəhər poliklinikaları, 2 nömrəli Qadın məsləhətxanası, 1 və 5 nömrəli Tələbə poliklinikaları, 5 və 10 nömrəli Uşaq poliklinikaları, Nəsimi rayonu üzrə 5 və 20 nömrəli Şəhər, 1, 3 və 12 nömrəli Uşaq poliklinikaları, 3 nömrəli Qadın məsləhətxanası, Suraxanı rayonu üzrə Hövsan Sağlamlıq Mərkəzi və Binəqədi rayonu üzrə 25 nömrəli Şəhər Poliklinikasında vətəndaşlara məxsus ambulator tibbi kitabçalardakı məlumatlar əsasında data-baza formalaşdırılır. Bununla yanaşı, paytaxtın 5 rayonu üzrə ilkin səhiyyə xidməti müəssisələrinə (Yasamal, Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonları) optik xətlərin çəkilməsi prosesi artıq yekunlaşıb. Bu ilin sonunadək daha 6 rayon üzrə (Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Nizami, Xətai rayonları) poliklinikalarda optik xətlərin çəkilməsi nəzərdə tutulur. Binəqədi rayonu üzrə poliklinikaların kompüterləşməsi prosesi də həyata keçirilib.

 Bu tədbirlər ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Həmçinin ilkin tibbi xidmətlərin göstərilməsi zamanı əlavə vaxt itkisinin qarşısını alır və yalnız şəxsiyyət vəsiqəsi məlumatları əsasında vətəndaşların sürətli şəkildə müvafiq həkimə yönləndirilməsini mümkün edir. Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması icbari tibbi sığorta çərçivəsində xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək. Bundan əlavə, TƏBİB-in dəstəyi ilə Mərkəzin tabeliyində olan tibb müəssisələrində “Şəkərli diabet modulunun tətbiqi” həyata keçirilir. Layihə ilkin səhiyyə xidməti müəssisələrində tibb işçilərinin əməyinin səmərəli istifadəsinə, vaxtın qənaətinə və vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verir. Modulun tətbiqi ilə şəkərli diabet xəstələrinin “e-Tabib” proqramında reyestri yaradılır, həkim-endokrinoloqlar tərəfindən xəstələrin dinamik müşahidəsi elektron qaydada aparılır, hesabatlılıq təmin edilir və imtiyazlı dərman təminatının planlaşdırılması həyata keçirilir. Layihə tibb müəssisələrində uğurla tətbiq olunur.

-İşçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində hansı tədbirlər həyata keçirilib?

 - TƏBİB tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində çalışan işçilərin faktiki yaşayış ünvanlarına yaxın ərazilərdə işləyə bilməsi üçün “Evimə yaxın iş” layihəsi icra olunur. Bu layihə çərçivəsində tibb və qeyri-tibb işçiləri faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerini dəyişmək imkanına malikdir. Layihənin ilkin mərhələsində işçilər onlayn anket vasitəsilə qeydiyyatdan keçir, növbəti mərhələdə müraciətlər aidiyyəti qurum tərəfindən dəyərləndirilir və müvafiq tədbirlər görülür. Yekun olaraq qeyd etmək istərdim ki, səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi prioritet istiqamətlərimizdəndir və bu istiqamətdə qurum tərəfindən ardıcıl islahatlar davam etdirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”