27 noyabr 2025 19:48
70

FHN "Yanar dağ" qoruğunun yaxınlığında aşkarlanan metan qazı ilə bağlı məsələyə aydınlıq gətirib

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, ilkin olaraq FHN, "Azəriqaz" İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.

Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı (CH4) aşkarlanıb. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

İşçi qrupunun aşkarlanan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.