28 noyabr 2025 08:32
67

Məmmədbəyliyə qayıdan sakin: Bu xoş gün münasibətilə böyük qürur hissi keçirirəm

Zəngilanlıların gözü aydın olsun. Mən də bu xoş gün münasibətilə çox sevinirəm və böyük qürur hissi keçirirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Lalə Orucova söyləyib.

O vurğulayıb ki, bundan sonra doğma torpaqlarımızda toy-büsat, şənliklər daimi olacaq: "Zəngilanlılara göstərilən qayğı və diqqətə görə dövlətimizə minnətdarlığımı ifadə edirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə isə cansağlığı və şəfa versin".

L.Orucova Zəngilan rayonundan çıxanda cəmi üç yaşı olduğunu diqqətə çatdırıb: "Bəlkə də ötən əsrin 90-cı illərində doğulan uşaqlar bunu daha yaxşı anlayar. Doğma yurdumuzdan erkən yaşda ayrıldığımız üçün bir çox şey bizə yad qalıb. Biz o torpaqları əsasən şəkillərdən və videolardan tanımışıq, lakin buna baxmayaraq, hər zaman fəxr etmişik ki, biz zəngilanlıyıq və bu adla qürur duymuşuq".