28 noyabr 2025 09:18
66

Bakı məktəblərində inklüziv təhsilə cəlb olunan uşaqların sayı AÇIQLANIB

2025-2026-cı tədris ilində paytaxt üzrə 41 ümumtəhsil müəssisəsi inklüziv təhsil verib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda bütün bu məktəblər üzrə 260 sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində 30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib. Həmin inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Ölkə üzrə isə hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.