28 noyabr 2025 23:49
101

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük işi necə təşkil edilib?

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu təşkil olunub. Tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

Brifinqdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bildirib ki, 2025-ci ilin son 6 ayı (mart-oktyabr) ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi daxil olub: “Həmin reyslərlə 1 milyon 658 min 738 sərnişin daxil olub. Bu dövr ərzində, daşınan baqajın həcmi isə 1 milyon 305 min 239 ədəd təşkil edib. Eyni müddət ərzində ölkədən 12 331 təyyarə reysi ilə 1 milyon 597 min 9 sərnişin yola salınıb, daşınan baqajın sayı isə 1 milyon 177 min 893 ədəd olub. Gömrük orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son altı ay ərzində müxtəlif kateqoriyalı bəyan olunmamış mallar aşkar edilib. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi dəyəri 445 min 823 manat olan mallar gömrük orqanlarına təqdim olunaraq dürüstləşdirilib. Risk təhlili sisteminin tətbiqi nəticəsində 153 qram kokain narkotik vasitə aşkar edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və hüquq pozan şəxs məsuliyyətə cəlb olunub.
Elşən Səfərli məlumat verib ki, gömrük nəzarəti tədbirləri çərçivəsində son 6 ay ərzində 1234 inzibati xəta və 54 cinayət xarakterli fakt qeydə alınıb: “Bu müddət ərzində əvvəlcədən bəyan edilməyən və qanunsuz olaraq ölkəyə gətirilməsi və ya ölkədən çıxarılmasına cəhd edilən malların (261 min 412 ABŞ dolları, 21 min 728 avro, 100 min Rusiya rublu, 1337 karat brilyant, 1544 qram qızıl, 145 qutu güclü təsirli dərman vasitəsi, 1 520 ədəd qanunsuz dərman preparatı, 11 min 520 ədəd siqaret, 835 ədəd istifadə olunmuş mobil telefon) qarşısı alınıb.”

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli "İki sahil" qəzetinin əməkdaşının sualını cavablandırarkən bildirib ki, bəyan edilmədən ölkəyə gətirilmək və ya ölkədən çıxarılmaq istənilən valyuta vəsaitlərində cari ildə 2023-cü ilin mart-oktyabr və 2024-cü ilin həmin dövrü ilə müqayisədə artım müşahidə olunub: “Narkotik vasitələrlə bağlı pozuntu hallarında isə artım müşahidə olunmayıb. Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, fiziki şəxslər tərəfindən ölkə ərazisindən 10.000 ABŞ dolları ekvivalentindən artıq valyuta vəsaitlərinin aparılması zamanı bu vəsaitlər gömrük orqanlarına bəyan edilməlidir. Lakin son dövrlərdə bəyan edilmədən valyuta vəsaitlərinin aparılmasına cəhd hallarında artım qeydə alınıb. Eyni zamanda, gömrük nəzarəti tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də ciddi tədbirlər görülür. Risk əsaslı yanaşmalar çərçivəsində həyata keçirilən gömrük nəzarətləri hüquqpozmaların aşkarlanmasında mühüm rol oynayır və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.”

Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük işinin təşkilini əyani şəkidə izləyiblər. Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib ki, Logistika Mərkəzi ölkə ərazisinə idxal, ixrac olunan, eləcə də tranzit, daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirir: “Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) vasitəsilə həyata keçirilir. ARAS sistemi həmin yüklərin gömrükdə yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir. Gömrük yoxlamaları həyata keçirildikdə qanunvericiliklə uyğunluq yoxlanılırsa, o zaman ölkəyə buraxılır. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq tədbirlər görülür. Ümumilikdə sutka ərzində ortalama idxal yükləri 80 ton, ixrac yükləri 5 ton, tranzit-transfer yüklər 600 ton həcmində olmaqla emal edilir, yəni gömrük rəsmiləşdirilməsindən keçirilir. Hava daşıyıcıları vasitəsilə idxal, ixrac və tranzit yüklər Logistika Mərkəzi Gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçir. Daşınan yüklər əsasən ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri istiqaməti üzrədir.

R.Mahmudzadə əlavə edib ki, ARAS vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir: "Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur. Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına təqdim olunur. Yoxlamalar zamanı aşkarlanan qanunsuz faktlara əsasən səhv bəyan etmələr daxildir. Söhbət vətəndaşlar tərəfindən gömrük dəyərinin səhv bəyan edilməsindən gedir. Buraya, həmçinin malların saylarının düzgün göstərilməməsi daxildir. Gün ərzində orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir və buraxılışı təmin olunur".

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “Yaşıl kanal”, “Qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Xatirə Məmmədova jurnalistlərə məlumat verib ki, ixtisaslaşdırılmış sərhəd-keçid məntəqələrində gömrük nəzarətindən keçirilən malların bəyan edilməsinin sürətli və sadələşdirilmiş qaydasından istifadə edilməsi üçün "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal”da malların şifahi şəkildə bəyan edilməsi üçün nəzərdə tutulur. Bu kanala daxil olan vətəndaşın əl yükündə və müşahidə olunan baqajında gömrük orqanına yazılı şəkildə bəyan ediləsi mal olmadığı anlamına gəlir.

“Qırmızı kanal” isə malların yazılı şəkildə bəyan edilməsi, yəni gömrük bəyannaməsi təqdim olunmaqla aparılan buraxılış sistemidir. “Yaşıl kanal”a daxil olan vətəndaş Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən gömrük əməkdaşları tərəfindən yoxlanmaya cəlb oluna bilər. Bu zaman həmin şəxs Gömrük Məcəlləsinin 60 və 61-ci maddələrinə uyğun olaraq sorğu-suala tutulur: şəxsiyyət vəsiqəsi, səyahət marşrutu və üzərində bəyan edilməli malın olub-olmaması ilə bağlı məlumatlar yoxlanılır. Əgər şübhəli hal müşahidə edilərsə və ya vətəndaş risk qrupuna daxil olan marşrutdan gəlibsə, o zaman həmin sərnişinlər “Qırmızı kanal”a dəvət olunaraq ətraflı yoxlamadan keçirilir. Xidmətin sürətli təşkili məqsədilə texniki nəzarət vasitələri, xidmət itləri, mexaniki-elektron qurğular istifadə olunur. Gömrük əməkdaşları Gömrük Məcəlləsinin 65.2-ci maddəsinə əsasən istənilən bağlamanı açmaq və ya açılmasını tələb etmək hüququna malikdirlər. Qanuni tələblərə və sərəncamlara tabe olmama, eləcə də gömrük nəzarətinə mane olma Gömrük Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyət yaradır.”

Orxan Vahidoğlu, “İki sahil”