01 dekabr 2025 15:21
82

Azərbaycanda ov qadağan olunur

Azərbaycanda oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü bu gün başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur.

"Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq", - məlumatda qeyd olunub.

Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.