Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-dək davam edəcək tədbirin gündəliyinə yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.
Konfrans çərçivəsində əvvəlcə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonra konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan, Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev, federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çexiya, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak edirlər.