06 dekabr 2025 00:36
104

Rəsmi İrəvan “binokl diplomatları”nı niyə yola salmaq istəmir?

Bakı və İrəvan arasında faktiki olaraq sülhün təmin edilməsinə baxmayaraq, Ermənistandakı Avropa İttifaqının (Aİ) müşahidə missiyası (EUMA) hələ də “fəaliyyət”ini davam etdirməkdədir. Son günlər onların rəsmi İrəvanla görüşlərinin sayı da artıb. Hətta bu günlərdə İrəvan və Brüssel Azərbaycanla şərti sərhəddə Aİ mülki müşahidə missiyasının iştirak müddətini Ermənistanın “ehtiyac və tələbatından” asılı olaraq qoruyub saxlamağa razılaşıblar.  Bu razılaşma da 2025-ci il dekabrın 2-də Brüsseldə qəbul edilən "Ermənistan-Aİ Tərəfdaşlığının Strateji Gündəliyi" sənədində əksini tapıb. Bu isə o deməkdir ki, Ermənistan hökuməti  Aİ-nin şərti sərhəddə patrulluq edən 200-dən çox “binokl diplomatı”nı hələ də yola salmağa tələsmir.

Halbuki hazırkı durumda belə bir quruma, belə görüşlərə heç bir ehtiyac yoxdur. Çünki Aİ-nin Ermənistanın Azərbaycanla şərti sərhəd xətti yaxınlığında yeləşdirdiyi sabiq zabitlərdən, hərbçilərdən, kəşfiyyatçılardan təşkil olunmuş “durbinli diplomatları”nın məqsədi heç də regionda davamlı sülhün bərqərar olunmasına xidmət etmir. Onların məqsədi sadəcə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara kölgə salmaq, kəşfiyyat materialları toplamaq və Qərbin Ermənistandakı mövcudluğunu gücləndirməkdir. Şübhəsiz, bütün bunlar onların Cənubi Qafqazda olan geosiyasi maraqlarından irəli gəlir. Bununla mülki missiya Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra imzalanacaq sülh prosesini də ləngitməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin 7-ci maddəsinə əsasən, tərəflər ümumi sərhədlərində üçüncü ölkələrin qüvvələrini yerləşdirməmək öhdəliyi götürüblər. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhün qorunmasına dair öhdəlikləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin vaxtından əvvəl dayandırılması üçün şərait yaradıb. Üstəlik, tərəflər artıq qarşılıqlı şəkildə dinc əməkdaşlıq etməkdədirlər. Hətta Azərbaycan Ermənistan üçün maneəsiz yükdaşıma imkanları da yaradıb. Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Azərbaycan Prezidentinə minnətdarlığını da bildirib. Azərbaycan QHT nümayəndələrinin İrəvana və Ermənistanın ictimaiyyət təmsilçilərinin Bakıya səfərləri də regionda yaranmaqda olan yeni siyasi mənzərədən xəbər verir. Qeyd edək ki, iki ölkə arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması, qonşuluq münasibətlərinin dərki üçün belə görüşlərə ciddi ehtiyac var. İki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri də yoluna qoyulmaqdadır. Belə olan təqdirdə həmin missiyanın fəaliyyətinə ehtiyac varmı?

Yeri gəlmişkən, dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşündə ona regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda postmünaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və gözləntilərimiz barədə ətraflı məlumat verib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistan üzərindən manipulyasiya etmək məqsədilə yaradılan bu missiya  indiyə qədər heç bir müsbət nəticə əldə etməyib. Aİ-nin  qəbul etdiyi qərara əsasən, bu missiya 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalmalıdır. Onu da bildirək ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Rəsmi Bakı dəfələrlə Aİ-nin müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”