Prezident İlham Əliyev: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
Son iki əsrdən artıq dövrdə Ermənistan ərazisinin azərbaycanlıların tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir. Erməni vandalizmi təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adı ilə qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılaraq tamamilə yox edilmişdir.
Qərbi Azərbaycan ərazisində mədəni irsin yox edilməsi sistemli, davamlı və məqsədli şəkildə həyata keçirilib. İndiki Ermənistan ərazisində soydaşlarımızın yaşadığı kəndlərin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri - Göy Məscid, Qala Məscidi, Şah Abbas Məscidi də daxil olmaqla 300 dən çox məscid və monumental abidələr məqsədyönlü şəkildə məhv edilib. UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub.
Prezident İlham Əliyev dekabrın 5-də Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirib ki, qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır: “Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir”.
Dövlət başçısının müraciətində, həmçinin qeyd olunub ki, Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.
Müraciətdə o da vurğulanıb ki, deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır: “2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır”.
Qərbi Azərbaycana qayıdış bizim tarixi-mənəvi və insani haqqımızdır. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüquqlarını bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər. Dövlətimizin başçısının bildirdiyi kimi, çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir. Mədəni irsin məhv edilməsi isə yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Zahid Rza, “İki sahil”