Aydındır ki, Gürcüstana qarşı həyata keçirilən hibrid hücumların məqsədi ölkənin sabitliyini və dövlətçiliyini sarsıtmaq, cəmiyyətdə süni mövzular vasitəsilə narazılıq yaratmaq və nəticədə milli maraqlara zərər vuraraq yeni qarşıdurmaya səbəb olmaqdır.
“İki sahil”in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze hökumət brifinqində bəyan edib.
Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırma sübut edib ki, 2007-ci ildən bu günə qədər Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları nümayişçiləri dağıtmaq üçün qadağan olunmuş maddələrdən istifadə etməyiblər və bununla da BBC telekanalının iddialarını təkzib ediblər. "Beləliklə, "Kamita" və digər qadağan olunmuş maddələrin istifadəsi sahəsində araşdırılacaq heç nə yoxdur. İstintaq hərəkətləri tam başa çatıb və mövzu bağlanıb", – deyə o bildirib. Kobaxidze əlavə edib ki, xarici qüvvələrə düşmənçilik fəaliyyətində yardım göstərən konkret şəxslərlə bağlı istintaq davam etdiriləcək: "Milli maraqlara, Gürcüstanın beynəlxalq imicinə və reputasiyasına ciddi zərər vurduğu sübuta yetirilmiş bütün şəxslər və ya qruplar, dövlət maraqlarına qarşı yönəlmiş hərəkətlərinə görə qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar".
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti və Dövlət Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarının və onların yerli strukturlarının ölkənin dövlətçiliyini təhlükə altına qoymasına və milli maraqlara zərər vurmasına imkan verməyəcək.