İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.
Bu fikirlər Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda dekabrın 5-də Bakıda keçirilmiş III beynəlxalq konfransın iştirakçılarına müraciətindəndir.
Erməni daşnakları tərəfindən 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımızın öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmasını xatırladan dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. Bu da Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək üçün mühüm zəminin formalaşmasından xəbər verir.
Bir məsələni də vurğulayaq ki, deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən və doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi qarşısına məqsəd qoyan Qərbi Azərbaycan İcması bir-birinin ardınca bu səpkidə beynəlxalq tədbirlər keçirməklə artıq öz hədəflərinə nail olmaqdadır. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin dövri mətbuata açıqlamasında dediyi kimi, Qayıdış Konsepsiyası qəbul edilib, İcma təşkilatlanma mərhələsini tamamlayıb, qayıdış məsələsi ümummilli məna kəsb edən mövzuya çevrilib və beynəlxalq müstəviyə çıxarılıb: “İndi isə yeni mərhələ başlayır”. O, həmçinin Ermənistan rəhbərliyi ilə ilkin danışıqların başlanmasını və soydaşlarımızın qayıdış hüququnun Ermənistan tərəfindən rəsmən tanınmasını növbəti hədəflərdən bir kimi göstərib.
Amma Ermənistanda revanşist və şovinist qüvvələr, o cümlədən kilsə bu məsələni Ermənistana qarşı ərazi iddiası, həm də aqressiv və təhlükəli addım kimi hallandıraraq bu prosesə mane olur. Üstəlik, İcmanın çağırışlarına baxmayaraq, Ermənistan tərəfi hələ də susmaqdadır. Halbuki, İcmanın çoxsaylı müraciətləri BMT-nin ali orqanlarının, Baş Assambleyanın və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Bu sənədlərdə də göstərildiyi kimi, Qərbi azərbaycancanlıların doğma yurdlarına qayıdışı beynəlxalq hüquqa əsaslanır və həm azərbaycanlı qaçqınların, həm də Ermənistanın və sadə erməni xalqının maraqlarına uyğundur.
Qvami Məhəbbətoğlu, “İki sahil”