Dünya miqyasında ən çox istifadə edilən idman əlavələrindən biri olan kreatin gücü artırmaq, əzələ kütləsini böyütmək və idman nəticələrini yaxşılaşdırmaq məqsədilə geniş yayılıb. Lakin bu əlavədən yalnız yetkinlər deyil, getdikcə daha çox yeniyetmələr və gənclər də istifadə etməyə başlayıb.
Aparılan sorğular göstərir ki, 17-18 yaşlı kişi idmançıların 72%-i kreatindən istifadə edir. Bu idman əlavəsinin istifadəsi xüsusilə gənc oğlanlar arasında daha geniş yayılıb.
Kreatin gənclər üçün ümumilikdə təhlükəsiz hesab olunsa da, fiziki forma qazanmaq və performansı yaxşılaşdırmaq üçün əlverişli üsul deyil. Yeniyetmələrin əsas diqqəti məşqə, balanslı qidalanmaya və yuxuya yönəlməlidir.
Kreatin orqanizmdə təbii olaraq mövcud olan, daha çox ət və dəniz məhsullarından (təxminən 95%-i) əldə edilən bir maddədir. O, xüsusilə qısamüddətli və yüksək intensivlikli fəaliyyətlər zamanı enerji istehsalında mühüm rol oynayır. Kreatinin ticarətdə bir neçə forması mövcuddur. Ən çox araşdırılan və sabit hesab edilən forma isə kreatin monohidratdır.
Tədqiqatlar kreatinin güc tələb edən məşqlərdə performansı artırdığını, əzələ inkişafını sürətləndirdiyini və bərpa prosesini yaxşılaşdırdığını göstərib. Son araşdırmalar isə maddənin yaddaş və diqqət kimi idrak funksiyalarına da müsbət təsir göstərə biləcəyini bildirib. Kreatin, həmçinin yaşlı insanlarda əzələ itkisini azaltmaq və parkinson, alzheimer kimi nevroloji xəstəliklərə qarşı qoruyucu təsir göstərmək baxımından ümidvericidir.
Təhlükəsizlik məsələsi
Mütəxəssislərin sözlərinə görə, gündə 3-5 qram kreatin qəbul etmək əzələlərdə onun səviyyəsini qorumaq üçün kifayət edir və tövsiyə olunan dozada qəbul edildikdə əlavənin həm qısa, həm də uzunmüddətli istifadəsi təhlükəsizdir. Ən çox rast gəlinən yan təsir isə suyun əzələlərdə toplanması nəticəsində yaranan müvəqqəti çəki artımıdır.
Bununla belə, uşaqlar və yeniyetmələrlə bağlı aparılan tədqiqatlar məhduddur. Mövcud araşdırmalar gənclər üçün 0,1-0,3 qram gündəlik dozanın təhlükəsiz olduğunu göstərsə də, tədqiqatçılar dozadan artıq istifadənin mədə-bağırsaq narahatlığına səbəb ola biləcəyini bildiriblər. Araşdırmaların nəticəsi, həmçinin onu göstərir ki, gənc idmançıların çoxu kreatindən düzgün istifadə qaydalarını bilmir.
Mütəxəssislər nəyə çağırır?
İdman qidalanması üzrə mütəxəssislər vurğulayırlar ki, heç bir əlavənin düzgün məşqin, balanslı qidalanmanın və keyfiyyətli yuxunun yerini tutması mümkün deyil. Onların fikrincə, gənclər çox vaxt əlavələrə həddindən artıq diqqət ayıraraq əsas vərdişləri, sağlam qidalanmanı və doğru məşq etməyi arxa plana keçirirlər. Bu səbəbdən mütəxəssislər gənclərə qidalanma prinsipinə əməl etməyi, yəni, əlavə qəbul etməzdən əvvəl qidalanmanı optimallaşdırmağı tövsiyə edirlər.
Şahnigar Əhmədova, "İki sahil"