Bu gün Azərbaycan müasir və müstəqil tarixinin ən qüdrətli və şərəfli günlərini yaşayır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabr ayında Qarabağdakı iki əsrlik erməni separatçılığına son qoyulması hər birimizin qürur mənbəyidir. XXI əsrdə dünyada öz milli haqqını müharibə yolu ilə azad edən ikinci bir dövlət göstərmək mümkün deyil. Böyük fəxrlə qeyd etməliyik ki, müharibədə zəfər çalan Azərbaycan dövləti bu gün həm də regionda sülhü təmin edir. Ölkəmizin yaratdığı yeni reallıqlar tanınır və qəbul olunur. Bu ilin avqustunda Vaşintonda sülh sazişinin layihəsinin paraflanması göstərdi ki, respublikamızın təşəbbüsləri ilə formalaşan sülh prosesi beynəlxalq səviyyədə təqdir olunur və dəstəklənir.
Böyük qürur hissi ilə onu da qeyd etməliyik ki, bu gün Azərbaycan beynəlxalq münasibətlərdə orta güc kimi tanınan dövlətdir. Respublikamızın enerji və nəqliyyat sektorundakı təşəbbüsləri, həyata keçirdiyi layihələr, ev sahibliyi etdiyi tədbirlər dövlətlərarası siyasi, iqtisadi və mədəni-humanitar əməkdaşlıq proseslərini stimullaşdırır. Hazırda Avropa bir neçə ölkəsi, o cümlədən Avropa İttifaqının üzvləri öz enerji təhlükəsizliklərini məhz Azərbaycanın təbii qazı hesabına təmin edirlər.
Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionda lider, qlobal səviyyədə isə söz sahibi olan dövlətdir. Bir vaxtlar biz bu gerçəklikləri təsəvvür belə edə bilməzdik. Amma indi biz tarixin ən güclü Azərbaycanından, dünyada ehtiramla qarşılanan, beynəlxalq hüququ güc yolu ilə bərpa edən bir dövlətdən bəhs edirik.
Əlbəttə, bu tarixi gerçəkliklər hər birimizi sevindirir və fərəhləndirir. Belə bir tarixi reallıqlar şəraitində hər birimizin vətəndaşlıq borcu milli təəssübkeşlik nümayiş etdirmək, əməllərimizlə dövlətimizin uğurlarına töhfə verməkdir. Lakin son dövrlərdə mətbuatda yayılan informasiyalar, bəzi insanların respublikamızın nailiyyətlərinə, qazandığımız zəfərlərə sevinmək əvəzinə fərqli yol tutaraq, dövlətə və hakimiyyətə qarşı çıxmağa cəhd etmələri, antikonstitusion əməllərə yol vermələri haqlı olaraq cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanır. Söhbət «Ramiz Mehdiyev işi»ndən və bu çərçivədə AXCP adlanan qurumun rəhbəri Əli Kərimlinin antikonstitusion hərəkətlərindən gedir. Onların ifşa olunan əməlləri göstərir ki, dövlətimizin nailiyyətlərinə, qazandığımız zəfərlərə sevinmək əvəzinə fərqli yol tutaraq, dövlətə qarşı çıxmağa cəhd etmiş, antikonstitusion hərəkətlərə yol vermişlər.
XXI əsrin reallıqları göstərir ki, dövlətlərin gücü həm də milli şüurun sağlamlığı, dövlət idarəetmə sisteminin möhkəmliyi və funksionalllığı, siyasi institutların dayanıqlığı, cəmiyyətlə dövlət arasındakı etimad səviyyəsi və digər bu kimi amillərlə ifadə olunur. Məhz bu meyarlar əsasında inkişaf edərək güclənən və milli haqlarını bütün platformalarda qətiyyətlə təmin edən Azərbaycan qarşısındakı bütün hədəflərə çatmağı bacarır. Bütün bunların fonunda dövləti öz yolundan sapdırmağa, dövlətçiliyin dayaqlarını sarsıtmağa, cəmiyyətdə etimadsızlıq mühiti yaratmağa çalışmağa cəhd etmək xəyanətdən başqa bir şey deyildir. Bu baxımdan Ramiz Mehdiyevin ötən illər ərzində ona göstərilən etimaddan, olunan etibardan sui-istifadə edərək, dövlət və hakimiyyət əleyhinə fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlar təəssüf doğurdu.
İndi bu adam Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarına əsasən onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Sual olunur, etimad göstərilərək, yüksək vəzifəyə irəli çəkilmiş şəxs bu etimada və etibara xilaf çıxarmı? Mühüm idarəetmə postunda çalışan insan öz xalqının uğurlarına kölgə salmağa çalışarmı? Gərək milli heysiyyatını nə qədər itirəsən ki, dövlətə və xalqa namərdlik edəsən və bu yolda xarici ölkələrdən kömək istəyəsən.
Cənab Prezident İlham Əliyev həm ölkə daxilində və həm də xaricdə yüksək nüfuza malik siyasi liderdir. Qeyd etdiyim kimi, Azərbaycan dövləti bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Görünən odur ki, bütün bunlar hakimiyyəti qəsb etmək niyyətinə düşmüş R.Mehdiyevi ötən illər narahat etmişdir. Onun bu məqsədlə Rusiyaya məktub ünvanlaması, hazırkı idarəetmə sisteminin «səmərəsiz və avtoritar» olduğu, köhnə strukturların iflic vəziyyətində olduğu, buna görə radikal islahatların və dəyişikliklərin zəruri olduğu barədə fikirlər söyləməsi, ətrafına topladığı və uzun müddət hərtərəfli himayə etdiyi Əli Kərimli, Gültəkin Hacıbəyli kimi antimilli düşüncəli şəxslərin köməkliyi ilə ölkə rəhbərliyini ələ keçirmək üçün zorakı yolla çevriliş etməyə qərar verməsi bağışlanmazdır. Məktubda "Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq" fikri nə deməkdir? Dövlətinə, xalqına xəyanət deyilmi?
AXCP adlanan qurumun və onun rəhbəri Əli Kərimliyə gəlincə, bu adamın əməlləri ölkə ictimaiyyətinə yaxşı məlumdur. Hələ Azərbaycanın müstəqilliyinin ilk illərində - iqtisadiyyatımızın böhranlı olduğu dövrdə bədnam AXC hakimiyyətinin səlahiyyətli mənsubu kimi xaricdən ayrılan yardımı mənimsəyən Əli Kərimli və digərlərindən Vətənə xainlik etməkdən başqa nə gözləmək olar? Ona görə bu adamın müxalifət adı altında fəaliyyəti dövlətə və xalqa qarşı yönəlib. Bütün demokratik cəmiyyətlərdə müxalifətçiliyin qəbul edilmiş siyasi-etik normaları var. Müxalifət partiyaları dövlətin milli maraq və mənafelərini hər şeydən üstün tutmalı, öz proqramları və alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidir.Müxalifətçilik heç bir halda dövlətə və xalqa qarşı yönəlməməlidir. Respublikamızın müasir siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayında müxalifət partiyası kimi təsis olunan Yeni Azərbaycan Partiyasının müxalifətçiliklə bağlı yaratdığı mükəmməl nümünə var. ortaya qoyduğu böyük təcrübə var.
Amma sırf AXCP-nin fəaliyyətində bunun daim əksi görünüb. Belə təşkilatlar və Ə.Kərimli tipli adamlar öz əməlləri ilə siyasi rəqiblərinə qarşı deyil, dövlətə və xalqa müxalif olublar. Bunu onların respublikamıza düşmən mövqedə olan xarici siyasi mərkəzlərlə əməkdaşlıq etmələri, onların tapşrıqlarını yerinə yetirmələri də təsdiq edir. Məlumdur ki, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən anti-Azərbaycan şəbəkə hər zaman ölkəmizə qarşı qara yaxmaqla məşğul olub. Azərbaycanla bağlı hazırlanan qərəzli hesabatların, ölkəmizə qarşı xarici KİV-də dərc olunan məqalələrin müəllifi məhz Qərbdə - Fransada, Almaniyada, Niderlandda mənzillənən və erməni təəssübünü çəkən anti-Azərbaycançı şəbəkə tərəfinən verilib. Əli Kərimli məhz bu antimilli şəbəkə ilə işbirliyində olub, ölkəmizə qarşı fəaliyyətin təlimatlarını və maliyyə dəstəyini onlardan alıb.
Yaxşı bilirik ki, anti-Azərbaycançı şəbəkə Azərbaycan hansısa beynəlxalq uğura imza atanda və ölkəmizdə keçirilən mötəbər tədbirlər ərəfəsi anti-Azərbaycan ritorikasını daha gücləndirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə, Bakıda «Avroviziya» mahnı müsabiqəsi və Birinci Avropa Oyunları keçiriləndə, o cümlədən prezident və parlament seçkiləri zamanı anti-Azərbaycançı şəbəkə ölkəmizin uğurlarına kölgə salmaq üçün qarayaxma kampaniyası həyata keçirib. Məhz həmin dönəmlərdə Əli Kərimlinin rəhbərlik etdiyi antimilli qruplaşma da xarici ölkələrdən aldıqları tapşırıqlara uyğun olaraq respublikamızın uğurlarını ləkələməyə çalışıb. Lakin hər dəfə xalq-hakimiyyət vəhdətinin qarşısında fiaskoya uğrayıb, niyyətinə çatmayıb.
Azərbaycan xalqı bu antimilli qruplaşmanın mənfur simasını həm də Vətən müharibəsi günlərində gördü. Məlum olduğu kimi, Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin təcəssümünə çevrildi. Xalqımız milli amal uğrunda öz rəhbəri İlham Əliyevin ətrafında səfərbər oldu. Eyni zamanda, savaş günlərində respublikada fəaliyyət göstərən bütün siyasi partiyalar bəyanatla çıxış edərək birlik nümayiş etdirdilər. Bu birliyə qoşulmayan yalnız AXCP və Müsavat oldu. Bu da bir daha onların dövlətimizin milli maraqlarına qarşı müxalifətdə olduqlarını nümayiş etdirdi.
Eyni zamanda, Vətən müharibəsindən sonra Ə.Kərimli və yaxın ətrafı açıqlamalarında zəfərimizə kölgə salmağa çalışır, Rusiya sülhməramlılarının Qarabağı tərk etməyəcəyi ila bağlı spekulyativ fikirlər söyləyirdilər. Onlar ardıcıl şəkildə iddia edirdilər ki, guya Xankəndi Rusiyaya “bağışlanıb”, rus ordusu heç vaxt Azərbaycandan çıxmayacaq, qələbə əslində “məğlubiyyətin başqa formasıdır” və s. Bu və digər tezislərin Rusiyanın və Ermənistanın informasiya müharibəsi xətti ilə eyni anda, eyni tonla səslənməsi təsadüf sayılmamalıdır. Lakin bildiyimiz kimi, Rusiya sülhməramlı kontingenti respublikamızın hüdudlarını nəzərdə tutulan vaxtdan bir il yarım tez tərk etdi və bu, Ə.Kərimlinin və ətrafının növbəti fiaskosu oldu.
R.Mehdiyev və Ə.Kərimli uzun illər eyni maska altında pərdələnərək, fərqi siyasi mövqedə dayandıqları görüntüsünü yaradıblar. Əslində isə onlar bir bədnam niyyət birləşdirib: hakimiyyəti ələ keçirmək. Birincisi bu məqsədlə əlində olan inzibati rıçaqlardan yararlanaraq, cəmiyyətdə etimadsızlıq mühitinin, siyasi çaşqınlığın, ictimai gərginliyin yaranması üçün cəhdlər göstərib. Digəri isə eyni maska altında reallıqlardan tamamilə uzaq iddialarla meydana çıxaraq, respublikadakı siyasi-ictimai sabitliyi pozmağa çalışıb.
Son günlərdə üzə çıxarılan həqiqətlər Ramiz Mehdiyevlə Əli Kərimlinin dövlətçilik əleyhinə birgə fəaliyyət göstərdiklərini ortaya qoyur. Cəmil Həsənlinin rəhbərlik etdiyi “Milli Şura” adlanan bədnam qurum isə bu fəaliyyətin əsas səhnələrindən biridir. Bu qurumun Rusiyadan maliyyə dəstəyi alması antimilli və xəyanətkar əməllərin xarici ölkədən təlimatlandırıldığını bir daha təsdiq edir. “Milli Şura” və AXCP artıq Rusiyaya, İrana yaxın radikal qrupların, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən dairələrin informasiya platformasına çevrilmişdi. Onlar tərəfindən məhkəmə qarşısına çıxarılan İran agentura şəbəkələrinin müdafiəsi, onların “siyasi məhbus” kimi təqdim olunması da bunu təsdiqləyən faktlardır.
Azərbaycan hansısa xarici siyasi mərkəzlərin «inqilablar» həyata keçirə biləcəyi dövlət deyil. Respublikamızda hansısa antiimilli planın baş tutması mümkün deyil. Bunu 1993-cü ildən sonrakı tariximiz də təsdiq edir. Azərbaycan öz taleyini özü müəyyən edən dövlətdir. Dövlətimiz antiazərbaycançı şəbəkələrin hibrid və informasiya müharibələrinə də qətiyyətlə cavab verir, cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanmış istənilən qanunazidd əməlin və manipulyativ hərəkətin qarşısı dərhal alınır.
Hazırda Ramiz Mehdiyev və Əli Kərimli barəsində istintaq işləri aparılır. Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, Qarabağ Zəfərini sual altına alan, xarici paytaxtlarda yazılan ssenarilərin yerli icraçısına çevrilən hər kəs öz əməllərinə görə dövlət və xalq qarşısında cavab verəcək. Azərbaycanın gələcəyi isə hər zaman Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyev siyasətinə, 1993-cü ildən başlanan dövlətçilik konsepsiyasına söykənəcək.
Ziyad Səmədzadə, akademik