Paramount şirkətinin rəhbəri Devid Ellison deyib ki, əgər Tramp administrasiyası onun Warner Bros.-u almasını dəstəkləsə, o, CNN kanalında ciddi dəyişikliklər edəcək.
“İki sahil” xəbər verir ki, bu məlumatı The Wall Street Journal yayıb.
Məlumata görə Netflix-in Warner Bros.-u almaq istədiyi açıqlanandan sonra Ellison Trampa zəng edib və bildirib ki, bu müqavilə rəqabəti azaldır. Daha sonra o, Vaşinqtona səfəri zamanı Tramp administrasiyasına söz verib ki, Paramount Warner Bros.-u ala bilsə, CNN-də “qayda-qanun yaradacaq”.
CNN-də dəyişikliklər etmək təklifi Tramp üçün cəlbedici ola bilər, çünki o, uzun müddətdir CNN-i tənqid edir və kanalın rəhbərliyinin dəyişməsini istəyir.
Həmçinin məlum olub ki, Paramount-un Warner Bros.-u ələ keçirmə cəhdi bir neçə investor tərəfindən, o cümlədən Trampın kürəkəni Cared Kuşner tərəfindən maliyyələşdirilir. Paramount-un bu son təklifi isə Warner Bros.-un Netflix-ə 83 milyard dollara satılması barədə razılıq əldə olunandan sonra ortaya çıxıb.