10 dekabr 2025 09:59
97

MEDİA və ADA Universitetinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilir

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda geniş proqramlı təlim keçirilir. 
"İki sahil" xəbər verir ki, təlim jurnalistlərin peşəkar inkişafı, yazı üslubunun yenilənməsi, eləcə də rəqəmsal medianın tələblərinə uyğun kontent istehsalının gücləndirilməsi məqsədini daşıyır. 

Təlim çərçivəsində iştirakçılar üçün dörd əsas sessiya təşkil ediləcək. İlk sessiyada bədii publisistikanın janr xüsusiyyətləri, üslub strukturu və yazı qaydaları, ikinci sessiya müasir mediada storytelling-in tətbiq formalarına, ənənəvi və yeni yazı üsullarının fərqlərinə həsr olunub.

Proqramın ən interaktiv hissələrindən biri “Narrativ nəzəriyyəsi: prinsiplər və istiqamətlər” mövzulu mühazirə və simulyasiya sessiyasıdır. Burada media mətnlərinin strukturlaşdırılması, auditoriya psixologiyası və məzmunun təsir gücünü artıran narrativ elementlər praktiki nümunələrlə izah olunacaq. Günün sonunda keçiriləcək “Workshop”larla isə nəzəri biliklərin möhkəmləndirilməsi üçün iştirakçılara real kontent üzərində işləmək imkanı yaradacaq. 

Təlimin aparıcısı Media İnkişafı Agentliyinin icraçı direktorunun müavini, əməkdar jurnalist və yazıçı Natiq Məmmədlidir.

Tədbirin sonunda təlimi uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim ediləcək.